Tokio, 28 dekabr , /AJMEDIA/
İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində II Milli Qurama Festivalı çərçivəsində “Qurama Art” sərgisi açılıb. Ekspozisiyaya 17 rəssamın müasir və milli incəsənətlərin inteqrasiyası mövzusunu əks etdirən əsərləri daxili edilib.
Ekspozisiyada Vüqar Əli, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarzayeva, Məmməd Rəşidov, Orxan Qarayev, Pərinisə Əsgərova, Aytən Abdullayeva, Günel Ravilova, Rəna Tağıyeva, Elçin Yəhyazadə, Ceyhun Coşqun, Gülya Bektamirova, Səadət Bəkirova, Şəlalə Salamzadə, Ağamalı Əliyev, Tamirə İbrahimova və Nərgiz Əsgərovanın əl işləri təqdim edilib.
Azərbaycan Rəssamlar İttifaqı Gənclər bölməsinin üzvü, bir çox respublika və beynəlxalq sərgilərin iştirakçısı Orxan Qarayev müsahibəsində qeyd edib: “Mən bu sərgi üçün öz xatirələrimi əks etdirən xüsusi əl işi hazırlamışam. Aydındır ki, mən artıq quramanın yaradılması prosesinin şahidi olmuşam, amma ailəmizdə nənəmdən qalan əşyalar indi də var. Onları gətirdikdə, valideynlərim müxtəlif rəngarəng detalları seçərkən bu və ya başqa parçanın hansısa yaylığın, paltarın bir hissəsi olduğunu danışırdılar. Onların hər biri hansısa hadisələrlə bağlı idi. Ağlıma belə bir fikir gəldi ki, hər bir hissəcik və parça bir ailənin, müəyyən bir şəraitin, bir bayramın əlamətidir. Ona görə də mənim əl işlərimdə tarixi elementlər, topladığım əşyalar var və sanki onların köməyi ilə öz ailəmin tarixçəsini yazıram”.
Rəssam Rəna Tağıyeva öz hisslərini bölüşərək deyib: “Qurama müəyyən fikirlərin çatdırılmasının bir formasıdır. Bu incəsənət növünü bir tərəfdən klassik ornamentlərə aid etmək olar, onlar məhz iş prosesində yaradılır. Bu zaman rənglərin ardıcıllığı əvvəlcədən planlaşdırılmır. Həmin prosesdə hər şey öz-özünə alınır. Bu sərgidə iştirak etmək təklifi aldığımda, hazırda ekspozisiyada təqdim olunan işlərdə əks olunmuş obrazları xəyalımda canlandırdım. Burada əks olunanlar həm də mənim bir parçamdır. Əslində, qurama mənim üslubuma yaxındır və onu çəkdiyim digər rəsmlərdə də görmək olar. Beləliklə, bu layihədə iştirak etmək mənim üçün maraqlıdır”.
“Qurama Art” sərgisində təqdim edilmiş incəsənət əsərləri öz rəngarəngliyi ilə incəsənətin ən sərbəst seçimlərindən birinin mahiyyət strukturunu əks etdirir. Bakı Fotoqrafiya Evinin rahat zallarında nümayiş etdirilən əsərlər təkcə müasir təsviri sənət və heykəltaraşlıq nümunələri deyil. Burada quramanın miniatürlərdə, xəttatlıqda əks olunmasını, həmçinin kompüter qrafikası və rəqəmsal texnologiyaların köməyi ilə yaradılmış əl işlərini görmək olar.
Azərbaycanın Əməkdar rəssamı Vüqar Əli qurama sənətində yer üzündəki bütün canlılarla dərin əlaqəni görür: “Məlumdur ki, qurama qədim sənətdir, həmişə Azərbaycanda mövcud olmuş dekorativ-tətbiqi incəsənət növünə aiddir. Elə bir ailə yoxdur ki, quramadan bixəbər olsun və onun işlənməsi qaydasını bilməsin. Bizim nənələrimiz, ulu nənələrimiz bu sənətə müraciət ediblər… O, məişətdə istifadə olunan əşyaları bəzəyib, aksesuar və bəzək qismində həyatımıza daxil olub. Mən ailəmizdə qorunub saxlanılan nənəmin quramasını görmüşəm. Bu, həmişə mənim üçün əsl xalça olub. Bəli, qurama başqa və fərqli sənət növüdür, amma onun yaradılması prinsipi sanki xalça toxunması qaydasını təkrar edir. Artıq illər keçdikdən sonra, rəssamlıq məktəbinin tələbəsi olduğum vaxtlarda təhsil prosesi ilə paralel olaraq digər gənc rəssamlarla birlikdə Xudu Məmmədovun seminarlarında iştirak edirdim. O, gözəl tədqiqatçı və məşhur alim idi, elmin incəsənətlə vəhdətini yaradırdı. Biz ondan öyrəndik ki, insan orqanizminin bütün hüceyrələri – onun mikroskopik modulları xalçaçılıq sisteminə uyğun gəlir. Beləliklə, məndə kristalloqrafiya və modul sisteminə maraq yarandı. Bu, təsviri sənət əsərlərinin yaradılması prosesində kompozisiya həllərinə təsir göstərdi. Bütün bunlar mənim sərgidə təqdim etdiyim əl işlərində mövcuddur. Beləliklə, qurama artıq çoxdandır ki, mənim yaradıcılığımın bir hissəsidir”.
“Qurama Art” sərgisi Bakı və regionları əhatə edən genişmiqyaslı parlaq hadisələrin yekun “akkordu” oldu. Bu tədbir bütün dünyada təbiətin ilham verdiyi, insan ruhu və onun rənglərdə təzahürü ilə xarakterizə olunan mozaika tipli yaradıcılıq əsərlərinin populyar olduğu milli əl işləri növünə marağı artırır.
Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova qeyd edib: “Azərbaycanda qurama sənəti öz aktuallığı və populyarlığı ilə şöhrət tapıb. Hələ qədim vaxtlarda beynəlxalq terminologiyada “patçvork” adı daşıyan qurama metodları vasitəsilə qadınlar kiçik parça hissələrindən gözəl məmulatlar hazırlayır, onları vahid pannoda toplayaraq illərlə qoruyub saxlayırdılar. Bu zaman bir çox kompozisiya üsullarına və rənglərin ahəngi qanunlarına riayət edilirdi. Qurama sənətinin ən başlıca unikallığı ondan ibarətdir ki, parça hissələri yekunda vahid kompozisiyanın əmələ gələcəyi tərzdə toplanılır. Qurama ötən yüzilliklərdə paltarları, məişət əşyalarını da bəzəyirdi. Bu gün Qurama Mərkəzində bu sənət növü sürətlə inkişaf edir. Burada müasir dünyamızda bu təkrarolunmaz incəsənət növünü yaşadan peşəkar kadrlar hazırlanır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi “Qurama Art” sərgisi Bakı Fotoqrafiya Evində yanvarın 9-dək davam edəcək.