Tokio, 17 dekabr , /AJMEDIA/
Dekabrın 16-da və 17-də Tokionun mərkəzində yerləşən möhtəşəm Ueno parkında ilk dəfə təşkil olunan “Azərbaycan festivalı” uğurla başa çatıb.
AJMEDIA xəbər veirir ki, Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi və Yaponiyanın “BMI Company Limited” qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilən festivala yekun vuran mərkəzin sədri Xəlil bəy Kələntər festivala qatılaraq onun yüksək səviyyədə təşkilinə kömək edən bütün şirkətlərə və tamaşaçılara minnətdarlığını bildirib. Qeyd edib ki, festivalın ilk təşkil olunmasına baxmayaraq, Tokio sakinləri və Yaponiya paytaxtının qonaqları bu bayrama böyük maraq göstəriblər. Ueno parkına gələn minlərlə ziyarətçi Azərbaycan məhsulları ilə tanış olaraq, milli mdəniyyət nümunələrindən – rəqslərdən və mahnılardan zövq alıblar. Bu cür festivalların Yaponiyada və ətraf regionda Azərbaycanın daha yaxından tanınmasına böyük dəstək verdiyini vurğulayan Xəlil bəy Kələntər onun yüksək səviyyədə təşkilinə göstərilən köməyə görə Tokio hökumətinə, Yaponiyanın Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlığını çatdırıb. Bildirib ki, Azərbaycan və yapon xalqları arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə xidmət edən belə tədbirlərin davamlı şəkildə təşkili mühüm əhəmiyyətə malikdir və bu layihələr yaxın gələcəkdə davam etdiriləcək.
Qeyd edək ki, Ueno parkında iki gün davam edən festival çərçivəsində Tokio sakinlərinə və qonaqlara milli mətbəximizin nümunələri, Azərbaycan şərabları və digər qida məhsulları ilə yanaşı, rəqslərimiz də təqdim olunub. Festivalda “Lotos Kələbək” rəqs qrupunun, həmçinin saz, ud və tarda ifası ilə artıq Yaponiyada yaxşı tanınmış Kiyoşi Ohiranın qrupunun çıxışları tamaşaçılar tərəfində alqışlarla qarşılanıb.
Vüqar Ağayev