Tokio, 28 sentyabr , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan edib, bu barədə cümə axşamı separatçı qurumun mətbuat xidməti məlumat yayıb.
Separatçı qurumun “prezidenti” Samvel Şahramanyan bununla bağlı fərman imzalayıb.
Fərmanda deyilir:
“2024-cü il yanvarın 1-dək DQR-in tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və Artsax-ın mövcudluğu dayandırılır.
Həmçinin, Dağlıq Qarabağ əhalisi, o cümlədən oradan kənarda olanlar bu fərman qüvvəyə mindikdən sonra gələcəkdə Dağlıq Qarabağda qalmaq və ya ora qayıtmaq imkanları haqda müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olacaqlar”.
Qarabağdakı separatçı qurumun qurduğu “Qarabağ Telekom” telekommunikasiya şirkəti çərşənbə günü fəaliyyətini dayandırıb, Turanın məlumatına görə, bu barədə erməni və Azərbaycan teleqram kanalları bildirib.
Bu şirkət mobil rabitə və mobil internet xidmətləri göstərirdi.
Bundan sonra regionda zənglər və internet trafiki yalnız Azərbaycanın rabitə operatorları və provayderləri vasitəsilə həyata keçiriləcək.