Tokio, 12 avqust , /AJMEDIA/
1998-ci ilin avqust ayında Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransdan sonra hər il avqustun 12-i gənclərə lazımi diqqət göstərmək, onların inklüzivliyini artırmaq, nailiyyətlərini təbliğ etmək, habelə cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Həmin günün qeyd olunması ilə bağlı beynəlxalq sənəd 1999-cu il dekabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin qətnaməsinə əsasən qəbul olunub.
Ümumiyyətlə hər bir xalqın davamlı və xoşbəxt gələcəyinin təmin olunması ilk növbədə gənc nəslin düzgün yetişdirilməsi, gənclərin milli-mənəvi dəyərlərə, doğma dillərinə, adət-ənənələrinə olan dərin hörməti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.
Bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
Deputatın sözlərinə görə, son illərdə Azərbaycan gəncliyi özünü beynəlxalq platformalarda daha da yüksək səviyyədə təqdim etməyi bacarıb. Azərbaycanda Milli BMT Modeli (MUN) hərəkatının yaradılması bilavasitə bilikli, savadlı Azərbaycan gəncliyi üçün bütün dünyanın mütərəqqi institut və təsisatlarına yol açıb, sovetlər dönəmində belə mövcud olan könüllülük hərəkatını müasir müstəqillik tariximizdə nəinki qoruyub saxlayıb, onun ən yeni formada ölkənin inkişaf prosesində iştirakını təmin edə bilib. Bu gün Azərbaycanda könüllü ordusu əsasən gənclərdən ibarət olaraq təşkil olunub. Gənclərimiz hər bir sahədə aparılan işlərdə yaxından iştirak edir, həmin sahələrin inkişaf etdirilməsinə, o cümlədən bir sıra mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsinə öz töhfələrini verir. Bu fəaliyyətə ən böyük qiyməti Birinci Avropa Oyunları keçirilən zaman Təşkilat Komitəsinin sədri olaraq Azərbaycanın birinci xanımı Mehriban Əliyeva verib. Mehriban xanımın oyunların bağlanış mərasimində səsləndirdiyi kimi “Mən gözəl könüllülərimizə minnətdarlığımı bildirmək istəyirəm. Siz olmadan biz bu tədbiri keçirə bilməzdik. Ölkəmizin böyük gələcəyi olan bu cür istedadlı gəncləri var”. 2018-2022-ci illərdə isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlərin seçilməsi gənclərin qlobal məsələlərdə aktiv iştirakını, eləcə də qlobal çağırışların yerli səviyyədə uğurlu icrasını təmin edən əsas təşəbbüslərdən biri oldu.
“İyulun 18-22-si tarixlərində dünyamız qlobal gənclər platformasında Azərbaycanın ev sahibliyi ilə reallaşdırılan yeni, böyük tarixi həmrəylik təşəbbüsünə şahidlik etdi. Qoşulmama Hərəkatına sədrlik edən dövlətimizin təşəbbüsü ilə Hərəkata üzv dövlətlərin Gənclər Şəbəkəsinin Sammiti keçirildi. Bu gün QH-nin Gənclər Şəbəkəsinin yaradılması, eyni zamanda, Azərbaycanın günümüzün ən əhəmiyyətli inkişaf sənədi olan “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəliyin” 17-ci Məqsədinin əsas çağırışı olan qlobal tərəfdaşlığın gücləndirilməsi çağırışına cavab verən fəaliyyətinin nəticəsidir. Qeyd edim ki, keçən müddət ərzində Azərbaycan gəncliyi universal qərarların icrasındakı fəallıqları ilə yanaşı, həmçinin vətənpərvərlik, dövlətə sədaqət, habelə ictimai-siyasi məsələlərə fəal yanaşma baxımından çox yüksək səviyyədə inkişaf edib. Azərbaycan gəncliyinin mübarizliyinin bariz nümunəsi 44 günlük Vətən müharibəsində Ordumuzun böyük Zəfər qazanmasıdır. Ali Baş Komandan, Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz müstəqillik dövründə yetişmiş bu Azərbaycan gəncliyi ölkəmizin 30 il işğal altında qalan torpaqlarının geri alınmasında öz canlarını fəda edib, öz qanı bahasına şücaət nümayiş etdirib. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, bu gün də arxa cəbhədə, diplomatik mübarizədə yüksək fəallıq göstərir, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında fəal iştirak edir, Azərbaycanın de-yure qələbəsinin reallaşmasında yüksək əzmkarlıq nümayiş etdirir. İnanıram ki, gənclərimizin qlobal çağırışlarda, habelə qlobal gündəliyin icrasında iştirakçılığı bundan sonra da ikitərəfli və çoxtərəfli əməkdaşlıqlarla davam etdiriləcək”, – deyə M.Əfəndiyev diqqətə çatdırıb