Nazir Ceyhun Bayramov FAO-nun Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb

Tokio, 21 iyul , /AJMEDIA/

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi Muhammad Nasar Hayatı qəbul edib.
XİN-dən AJMEDIA-ya bildirilib ki, əvvəlcə təşkilatın nümayəndəsinin etimadnaməsi nazir Ceyhun Bayramova təqdim olunub. Ceyhun Bayramov nümayəndəyə ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı, Azərbaycan və FAO arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov, hazırki beynəlxalq konyunkturada ərzaq təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətindən danışaraq, bu xüsusda FAO-nun fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib. Ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf potensialından istifadə olunması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində FAO ilə həyata keçirilən birgə layihələr məmnunluqla xatırlanıb. Azərbaycanla FAO arasında Tərəfdaşlıq Proqramının perspektivləri müzakirə edilib.
Xarici işlər naziri, həmçinin Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, o cümlədən kənd təsərrüfatına ciddi təhdid olan mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. İşğaldan azad olunmuş ərazilərimizin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulduğunu diqqətə çatdıran Ceyhun Bayramov, həmin ərazilərin böyük kənd təsərrüfatı potensialına malik olduğunu bildirib. Bu xüsusda, mövcud potensialdan istifadə məqsədilə beynəlxalq tərəfdaşlar, o cümlədən FAO ilə əməkdaşlıq imkanları qeyd olunub.
Muhammad Nasar Hayat, Azərbaycan və FAO arasında geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla qeyd edərək, bu xüsusda münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Kənd təsərrüfatının inkişafında innovasiyaların tətbiqi sahəsində Azərbaycan tərəfindən görülən işlərin, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilmiş təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts