Tokio, 10 iyul , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadənin “Milyonların nəğməkarı – Rəsul Həmzətov” kitabı nəşr olunub. Müəllif kitabı kitabxanaya hədiyyə edib.
Dünyaşöhrətli şair Rəsul Həmzətovun anadan olmasının 100 illiyi ilə əlaqədar dünyanın bir çox ölkələrində şairin yubileyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Rusiya Federasiyasında 2023-cü il “Rəsul Həmzətov İli” elan olunub. R.Həmzətovun yubileyi Azərbaycanda da qeyd olunacaq. Çoxsaylı tədqiqat əsərləri və kitabların müəllifi, tanınmış publisist-politoloq Reyhan Mirzəzadə dünyaşöhrətli şair Rəsul Həmzətovun anadan olmasının 100 illiyi ilə əlaqədar “Milyonların nəğməkarı – Rəsul Həmzətov” kitabını yazıb.
Reyhan Mirzəzadə xalqlararası ədəbi-mədəni əlaqələrə dair çoxsaylı elmi-publisistik məqalə və kitabların müəllifidir. Onların arasında “Rus ədəbiyyatı qəlbimin işığında”, “Bəşəri zəkanın rus dahiləri”, “Böyük şair – vətəndaş”, “Pedaqoji fikir tarixindən”, “Zəka məşəli”, ”Fikrin böyük sənətkarı”, “Bəşəriyyətə şölə saçan teatr günəşi” və s. kitablar var.
Oxuculara təqdim olunan bu kitabda Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayıb-yaratmış və dünya ədəbiyyatı, poeziyası tarixinə misilsiz töhfələr bəxş etmiş avarəsilli şair Rəsul Həmzətovun bəşəri yaradıcılığından bəhs edilir.
Kitab ön söz və “Rəsul Həmzətovun həzin və odlu misralarından”, “Rəsul Həmzətov. Dağıstanın üç sərvəti”, “Rəsul Həmzətovun həyatı fotoşəkillərdə”, “Rəsul Həmzətov. Ata və ana. Od və Su”, “Rəsul Həmzətovun unudulmaz şeirlərindən” bölmələrdən ibarətdir.
Kitaba ön sözü yazıçı-publisist Zöhrə Əsgərova yazıb.
Kitabda R.Həmzətovun vaxtı ilə öz dilindən deyilmiş sözlər diqqət çəkir: “Mənim xalqımı Azərbaycanla bağlayan tellər çoxdur – tarix, mədəniyyət, ənənələr və məişət. Biz hamımız bir kökdən qaynaqlanmışıq. Hələ gənclik illərində mən Azərbaycana sevgi hissləri ilə dolu şeirlər yazmışam. İlk dəfə məni Azərbaycanla Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir tanış edibdir…”
Yazıçı-pulisist qeyd edir ki, Rəsul Həmzətovun bütün yaradıcılığı – kiçik şeirlərdən tutmuş böyük poemalaradək, xırda qeydlərdən başlamış əzəmətli “Mənim Dağıstanım”adək… bu həqiqət üzərində ucalan məğrur bir kaşanədir.
Kitabın elektron variantı aşağıdakı keçiddə yerləşdirilib:
https://drive.google.com/file/d/1PWL-fRSkuRvwHDLSQpr2SwB7zZWHsnjR/view