Tokio, 13 iyun , /AJMEDIA/
2021-ci il iyunun 15-də bütün terk dünyası üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.
Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Günü – 15 iyun tarixinə və Qarabağ, Naxçıvan və Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Bu, aqillərin tarixin təkraralanması və oxşar hadisələrin yenidən baş verməsi barəədə fikirlərinin sanki bariz nümunəsidir. Hazırda bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi davam edir. Bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Dövlətimizin başçısı və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın qəbul etməli olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasına, eyni zamanda, müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin əlaqələndirilməsinə istiqamətlənən bu sənəd Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır.
Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə tamamilə yeni mərhələ deməkdir, desək yəqin ki, yanılmarıq. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi və iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə xüsusilə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, onlar bir-birini qoruyacaqlar.
Bu müddəanın Bəyannamədə qeydə alınması bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm siqnalsır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordusu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Təbii ki, öncə söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran aktorlardan və dövlətlərdən gedir. Bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bildilər ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
Sənəddə yer alan xüsusi məqamlardan digəri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Bəyannamədə tarixi türk torpağı oln Zəngəzur dəhlizinin adının hallanması xüsusilə tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemlərindən istifadə etməklə Azərbaycan-Türkiyə tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri yer alır. Sənəddə xüsusilə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriylə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.
Bəyannamənin imzalanması ilə Azərbaycan və Türkiyə, həm də bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, malların sərbəst hərəkətinin təşkilinə nail olacaqlar.
Həmçinin, Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına şahidlik edəcəyik. Bu, həm də, bundan sonra iki dövlət arasında sərhədin formal xüsusiyyət daşımasının göstəricisinə çevrildi.
Şuşa Bəyannaməsi haqqında danışarkən xüsusi vurğulayacağımız istiqamətlər siyahısında hazırda aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək lazımdır. Belə ki, tərəflərin beynəlxalq arenada daha effektiv fəaliyyəti üçün media platforması və diaspor sahəsində birgə addımlarına ehtiyac var. Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlərə qarşı birlikdə addımların atılması kimi müddəaların yer alması da deyilənlərin bariz nümunəsidir.
Həmçinin, sənəddə Azərbaycan və Türkiyənin xarici siyasət faliyyəti ilə bağlı müddəa da yer alıb. Bəyannamədə qeyd edilir ki, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Bununla yanşı sənədə əsasən, beynəlxalq münasibətlərin inkişafı, yerli, bölgə və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün tərəflər birgə səylər göstərəcəklər.
Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atıb. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Xüsusi qeyd etmək lazımdır ki, bu Bəyannamə regionda yeni tarixi gerçəkliyin formalaşdığını deməyə ciddi əsaslar verib.
Vüqar Ağayev