Əli Əsədov: Zəngəzur dəhlizinin açılması Azərbaycanın regionda çəkisini artıracaq

Tokio, 6 may , /AJMEDIA/

Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq.
AJMEDIA xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov mayın 6-da keçirilən “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” adlı konfransda çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən neft strategiyasında növbəti mühüm addım hasil olunan neftin dünya bazarlarına nəqli idi. Heydər Əliyevin 2002-ci ildə təməlini qoyduğu, Prezident İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri Şərq-Qərb enerji-nəqliyyat dəhlizinin əsasını təşkil etdi.
Bakı-Tbilisi-Ceyhan neft kəməri daha da genişləndirilərək nəhəng “Şahdəniz” layihəsi üzrə qazın nəqli üçün Cənub Qafqaz Boru Kəməri, TANAP, TAP kimi transmilli arteriyaların yaranmasına gətirib çıxardı.
Baş nazir Əli Əsədov deyib ki, bu, təkcə Azərbaycan neftinin Avropa və dünya bazarlarına çıxışı deyil, Azərbaycanın özünün dünyanın siyasi səhnəsinə çıxışı idi. Neft strategiyası Azərbaycanın davamlı inkişafını şərtləndirdi, respublikamız qlobal və regional miqyasda etibarlı tərəfdaş və söz sahibi olan qüdrətli ölkəyə çevrildi. İrimiqyaslı neft və qaz layihələri ilə yanaşı Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi möhtəşəm layihələr, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə Azərbaycan dünyanın logistika və nəqliyyat mərkəzlərindən birinə çevrildi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts