Yaponiyada konstitusiya dəyişikliyinə qarşı mitinq keçirilib

Tokio, 3 may , /AJMEDIA/

Yaponiyada konstitusiya dəyişikliyinin əleyhdarları Tokionun mərkəzində izdihamlı mitinq keçiriblər.
AJMEDIA xəbər verir ki, 25 min nəfərin iştirak etdiyi mitinq-yürüşdə “Konstitusiya dəyişikliyini bağışlamayacağıq!”, “Müharibəyə yox!”, “Militarizasiyanın əleyhinəyik!” şüarları səsləndirilib. Nümayişlər Yaponiyanın “Konstitusiya günü”ndə baş tutub. Etirazçılar, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyiblər.
Polisin müşayiəti ilə keçirilən yürüş zamanı hər hansı insident və toqquşma qeydə alınmayıb.
Ölkənin ən populyar nəşri olan “Yomiuri” qəzetinin keçirdiyi ictimai rəy sorğunun nəticələrinə əsasən, yaponiyalıların 61 faizi konstitusiya dəyişikliklərini dəstəkləyir, 33 faizi isə bunun əleyhinədir. Sorğu iştirakçıların 40 faizi dəyişiklikləri dəstəkləmək seçiminə Ukraynadakı müharibənin səbəb olduğunu bildirib.
Eyni zamanda, respondentlərin 75 faizi xalqın suveren hüququ kimi Yaponiyanın müharibədən imtina etməsi ilə bağlı ifadəyə yenidən baxılmasını doğru saymır. Vətəndaşların 54 faizi isə ölkənin özünümüdafiə qüvvələrinin statusunu təmin etmək üçün konstitusiyaya düzəlişlərə ehtiyac olduğunu vurğulayıb.
Maraqlıdır ki, Yaponiya Konstitusiyası qəbul edildiyi 1947-ci ildən bəri heç bir dəyişikliyə uğramayıb. Bu fakt həm dəyişiklik əleyhdarlarının, həm də tərəfdarlarının əsas arqumentinə çevrilib. Birincilər sənədin mətninin qorunmasını zəruri hesab etdiyi halda, dəyişiklik tərəfdarları ötən əsrin ortalarında yazılan konstitusiyanın sürətlə dəyişən dünyanın çağırışlarına cavab vermədiyini düşünür.
Yaponiya qanunvericiliyə əsasən, konstitusiya dəyişiklikləri yalnız ümumxalq səsverməsi ilə mümkün ola bilər. Ölkə parlamentinin hər iki palatasının üzvlərindən üçdə ikisi dəyişikliyin lehinə olacağı təqdirdə referendumun keçirilməsinə icazə verilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts