Malayziyada Zəfər Gününün birinci ildönümü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

Tokio, 28 Oktyabr, /AJMEDIA/

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi, eləcə də Malayziyanın Qadın, Ailə və İcma İnkişafı Nazirliyinin təşkilatçılığı ilə Kuala Lumpur şəhərində xalqımızın şanlı Zəfər Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

AJMEDIA xəbər verir ki, aksiya “Həmrəylik, humanizm və sosial məsuliyyət” devizi ilə Kuala Lumpurda fəaliyyət göstərən “Taman Sinar Harapan Çeras” (TSH Çeras) adlı əlilliyi olan şəxslərin reabilitasiya mərkəzində təşkil olunub. Tədbirdə Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov, səfirliyin əməkdaşları, Malayziyanın Qadın, Ailə və İcma İnkişafı Nazirliyinin rəsmisi Noraini binti Mohd Sukor və mərkəzin rəhbər və işçi heyəti iştirak ediblər.

“TSH Çeras” mərkəzinin direktoru xanım Siti Hacar qonaqları salamlayaraq rəhbərlik etdiyi müəssisə barədə məlumat verib. Mərkəzin 1966-cı ildə Malayziya hökuməti tərəfindən təsis olunduğu, burada artıq uzun illərdir əlilliyi olan şəxslər üçün reabilitasiya xidməti göstərildiyi, həmin şəxslərin cəmiyyətə fəal inteqrasiyası üçün səylər göstərildiyi qeyd edilib. S.Hacar reabilitasiya müəssisəsinin 14-25 yaş qrupunda olan şəxslər üçün nəzərdə tutulduğunu vurğulayaraq, burada mərkəz sakinlərinin fiziki sağlamlığının qorunmasına göstərilən qayğı ilə yanaşı, onlara müəyyən peşə biliklərinin öyrədildiyini, beləliklə, fəal həyata inteqrasiya məqsədilə bütün zəruri vərdişlərə yiyələnmələri üçün xüsusi inkişaf təlimlərinin keçirildiyini nəzərə çatdırıb. “TSH Çeras” mərkəzində mütəmadi qaydada kompüter, tikiş, aşpazlıq, incəsənət, ev təsərrüfatı kimi kursların təşkil olunduğunu bildirib.

Səfir İ.Davudov Azərbaycan ilə Malayziya arasında ikitərəfli münasibətlərin güclü dostluq və həmrəylik ruhunda davam etdiyini, bu münasibətlərdə humanitar aspektin xüsusi yer tutduğunu qeyd edib. O, ötən il 44 günlük Vətən müharibəsi ilə Azərbaycan xalqının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz torpaqlarını işğaldan azad etdiyini və bu il həmin şanlı Zəfərin birinci ildönümü ərəfəsində olduğumuzu xatırladıb. Qeyd edib ki, tarix boyu xalqlar öz sevincli və kədərli günlərini yalnız dost xalqlarla bölüşürlər.

İ. Davıdov deyib: “Bu səbəbdən də səfirliyimiz bu əlamətdar bayram sevincimizi malayziyalı bacı-qardaşlarımızla birgə keçirməyə qərar verdi. Dost Malayziyanın Qadın, Ailə və İcma İnkişafı Nazirliyinə və onun Sosial Təminat Departamentinə təşəkkür edirəm ki, bu bayram tədbirimizi “TSH Çeras” kimi nümunəvi mərkəzdə qeyd etməyə şərait yaratdı. Mərkəzlə tanışlıqdan sonra mənə bir daha aydın oldu ki, Malayziya hökuməti ən müasir təchizat və proqramlarla sosial fəaliyyətini uğurla davam etdirir. Bu gün bizim “TSH Çeras” mərkəzinə maliyyə yardımımız isə daha çox rəmzi məna daşıyır və xalqlarımız arasında həmrəylik, qardaşlıq münasibətlərini növbəti dəfə nümayiş etdirir”.

Sonra Azərbaycan səfiri maliyyə yardımına dair rəmzi bank çekini “TSH Çeras” mərkəzinin direktoru S.Hacara təqdim edib. Mərkəzin binasına və təlim otaqlarına baxış keçirib və əməkdaşlarla söhbət edib. Azərbaycan diplomatı tədbirin sonunda fəxri qonaqlar üçün nəzərdə tutulmuş xatirə dəftərini imzalayıb və iştirakçılarla xatirə fotosu çəkdirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts