Malayziyanın yeni Baş naziri əsas vəzifə olaraq iqtisadiyyatının dirçəlişinə çalışacağını bildirib

Tokio, 25 noyabr , /AJMEDIA/

Noyabrın 24-də Malayziyanın 10-cu Baş naziri olaraq and içmiş Ənvər İbrahim hökumətin qarşısında duran əsas vəzifənin iqtisadiyyatın bərpasından ibarət olacağını bildirib.
AJMEDIA xəbər verir ki, bu barədə Baş nazir noyabrın 25-də keçirilən ilk mətbuat konfransında bəyan edib. Qeyd edək ki, otuz ilə yaxın bir dövrdə sabiq Baş nazir Mahathir Məhəmmədin himayəsində olan 75 yaşlı Ənvər İbrahim təqribən 9 il müddətində sodomiya və korrupsiyaya görə həbs cəzası çəksə də bunun siyasi motivlərlə əlaqəli olduğunu bildirib.
Ölkə iqtisadiyyatın bərpasını əsas vəzifə kimi irəlim sürən Ənvər İbrahim yeni kabinetin əvvəlki hökumətlərdən sayca az tərkibdə olacağını və kabinet üzvlərinin əmək haqlarının da aşağı salınacağını bildirib.
“Hazırda mənim əsas vəzifəm yaşayış xərclərini aşağı salmaqdır”, – deyə o, Baş nazirin iqamətgahında təşkil edilən ilk mətbuat konfransında bildirib.
Yeni yaradılacaq koalisiyalı hökumətdə təyinatlarla bağlı heç kimin adını çəkməyən Baş nazir bu barədə tezliklə elan olunacağını bildirib. Bu ərəfədə o, kabinetdə Baş nazirin iki müavininin olacağını qeyd edib. Onlardan birinin sabiq hakim “Barisan Nasional” alyansından, digərinin isə kiçik partiyaları birləşdirən “Borneo” qrupundan təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Ənvər İbrahimin Baş nazir təyin edilməsi seçkilərdən sonra beş gün davam edən hakimiyyət böhranına son qoyub.
Ənvər İbrahimin əsas rəqibi, sabiq Baş nazir Muhiddin Yassin məğlubiyyətini etiraf etməkdən imtina edərək parlamentdə yeni Baş nazirə meydan oxuyacağını bəyan etsə də, bu gün onun təyinatı ilə razılaşdığını və rəhbərlik etdiyi blokun müxalifətə keçəcəyini bildirib.
Xatırladaq ki, Malayziyada noyabrın 19-da keçirilən ümumi seçkilərdə Ə.İbrahimin rəhbərlik etdiyi mütərəqqi, çoxmillətli koalisiya ilə M.Yassinin başçılıq etdiyi malay-müsəlman koalisiyası qarşı-qarşıya gəlib. Liderlərdən heç birinin lazım olan üstünlüyü əldə edə bilməməsi son dörd ildə üç Baş nazirin dəyişdiyi Malayziyada qeyri-sabitlik riskini daha da artırıb. Bu mübahisə ölkə iqtisadiyyatının bərpası ilə əlaqədar zəruri qərarların qəbul olunması riskini də artırıb.
Noyabrın 24-də Malayziya kralı Abdullah Riayatuddin əl-Mustafa Billah Şah “Pakatan Harapan” (“Ümid Alyansı”) koalisiyasının rəhbəri, Baş nazirin sabiq müavini Ənvər İbrahimi ölkənin yeni hökumətinin başçısı təyin edərək yaranmış gərginliyi aradan qaldırmağa müvəffəq olub.
Yeni Baş nazirin təyinatı ölkə iqtisadiyyatının sabitliyə doğru irəliləməsinə imkan yaradıb. Belə ki, bazarlarda 4 faiz artım müşahidə edilib, milli valyuta olan rinqit də dollara nisbətdə təqribən 1 faiz möhkəmlənib.
Yeni Baş nazirin tərəfdarları onun rəhbərlik etdiyi hökumətin ölkə daxilində dini və milli ayrıseçkiliyin aradan qaldıracağına ianandıqlarını da bildirirlər.
Qeyd edək ki, Malayziya parlamentinin aşağı palatasında 222 yer var. İstənilən partiyanın və ya koalisiyanın hökuməti formalaşdırması üçün ən azı 122 yer əldə etməsi tələb olunur. Ötən seçkilərin nəticələrinə görə, Ənvər İbrahimin rəhbərlik etdiyi “Ümid Alyansı” koalisiyası cəmi 82 yer əldə edib. İkinci yerdə isə 73 mandat qazanmış sabiq Baş nazi Muhiddin Yassinin rəhbərlik “Milli Alyans” koalisiyası qərarlaşıb. Sabiq Baş nazir İsmail Sabri Yakobin rəhbərlik etdiyi “Milli Cəbhə” alyansı isə 30 yer qazanıb.
Cümə günü keçirilən mətbuat konfransında Ənvər İbrahim bildirib ki, qalib alyansa “Borneo” blokundan daha bir qrup qoşulub ki, bu da onun parlamentdə üçdə iki səs çoxluğu qazanmasına imkan yaradıb.
Qeyd edilir ki, parlamentdə üçdə iki səs çoxluğunun əldə olunması Ənvər İbrahim hökumətinə ölkə Konstitusiyasında dəyişikliklər aparmaq imkanı yaradacaq. Bildirilir ki, 2008-ci ildən bəri Malayziya parlamentinin aşağı palatasında heç bir hökumət belə üstünlüyə malik olmayıb.
Ənvər İbrahim hökumətini qarşısında duran digər mühüm vəzifə gələn il üçün nəzərdə tutulan dövlət büdcəsinin təsdiqidir. Büdcə layihəsi seçkilərdən əvvəl parlamentə təqdim edilsə də, hələlik qəbul olunmayıb.
Yeni Baş nazir, həmçinin bildirib ki, parlamentin aşağı palatasında üstünlüyünü nümayiş etdirmək üçün dekabrın 19-da etimad səsverməsi keçirəcək.
Göründüyü kimi, Malayziyanın yeni hökuməti qarşısında mühüm vəzifələr dayanır. Lakin hökumətə Ənvər İbrahim kimi təcrübəli siyasətçinin rəhbərlik etməsi, onun bu vəzifələrin öhdəsindən gələcəyini deməyə əsas yaradır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts