Yusif Vəzir Çəmənzəminli haqqında videoçarx hazırlanıb

Tokio, 26 oktyabr , /AJMEDIA/

Oktyabrın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı T.Məmmədova “Şuşanın görkəmli şəxsiyyətləri” silsiləsindən Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx hazırlayıb.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, videoçarxda yazıçı haqqında geniş məlumat yer alıb.
Məlumatda deyilir: “Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində dünyaya gəlib. İlk təhsilini Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-cı ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış “Jaloba” adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı aylıq yumoristik jurnal çıxarıb. Şuşada baş verən erməni-müsəlman toqquşmaları nəticəsində məktəbi tərk etməyə məcbur olan Y.V.Çəmənzəminli təhsilini davam etdirmək üçün Bakıya gedib. 1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin Hüquq fakültəsinə daxil olub. Bu dövrlərdə Y.V.Çəmənzəminli uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur “Məlikməmməd” nağılını qələmə alıb. Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazan Yusif Vəzirin ən tanınmış təxəllüsü “Çəmənzəminlidir”. O, bu təxəllüsdən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb. Y.V.Çəmənzəminli Kiyev şəhərində 1912-ci ildə “Yeddi hekayə”, 1913-cü ildə isə “Həyat səhifələri” adlı kitablarını çap etdirib. Bundan başqa, Ukraynada “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları da işıq üzü görüb”.
Daha sonra videoçarxda bildirilib ki, 1938-ci ildə Y.V.Çəmənzəminli Özbəkistan SSR-in Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda, institut kitabxanasına müdir təyin olunub. “1940-cı il yanvarın 25-də həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra 1940-cı il iyulun 3-də Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Y.V.Çəmənzəminliyə də bəraət verilib”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts