Tokio, 10 sentyabr , /AJMEDIA/
Sentyabrın 9-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun igid zabitləri polkovnik-leytenant Həmdəm Ağayev və baş leytenant Adil İbrahimlinin doğum günlərinə həsr olunmuş tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, Müdafiə Nazirliyi, Xəzər, Binəqədi və Ağdam Rayon İcra hakimiyyətlərinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidlərin ailə üzvləri, silahdaşları, hərbi qulluqçular, qeyri-hökumət təşkilatlarının fəalları, gənclər və məktəblilərin iştirak etdikləri tədbir başlamazdan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu qeyd edən polkovnik Abdulla Qurbani tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, müharibədən iki il ötüb, lakin xalqımız şəhidlərin xatirəsini həmişə hörmət və ehtiramla yad edir, onların adları əbədiləşdirilir, şəhid ailələri daim diqqət mərkəzində saxlanılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə söylədiyi kimi, şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin qanını, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, qan tökərək tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq.
Polkovnik A.Qurbani şəhidlərin hər bir gənc üçün örnək olan qısa, lakin şərəfli ömür yolları barədə məlumat verərək diqqətə çatdırıb ki, Həmdəm Mayıl oğlu Ağayev 9 sentyabr 1975-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. 1992-ci ildə kənd tam orta məktəbini bitirdikdən sonra Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbinə (indiki Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. Təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Ordusunda xüsusi təyinatlı qrup komandirinin müavini vəzifəsindən hərbi hissənin qərargah rəisi – briqada komandirinin müavini vəzifəsinə, “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlib.
Sağlığında 10-dan çox medalla təltif edilib. Harada, hansı vəzifədə xidmətindən asılı olmayaraq, vəzifələrinin öhdəsindən layiqincə gəlib, göstərilən etimadı nümunəvi xidmətləri, əməli fəaliyyəti ilə həmişə doğruldub.
Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edib, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərib, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirib.
2020-ci il oktyabrın 4-də Füzuli rayonunun yaşayış məntəqələri uğrunda döyüşlərdə şəhid olan polkovnik-leytenant Həmdəm Ağayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni və bir neçə döyüş medalı ilə təltif olunub.
Tədbir iştirakçılarına bildirilib ki, Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Naxçıvan Muxtar Respublikasındandır. Cəmşid Naxçıvanski adına hərbi liseyi və indiki Heydər Əliyev adına Hərbi İnstitutu bitirib. Xüsusi əməliyyat taborunda baş kəşfiyyatçı, xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifələrində xidmət edib. İlk gündən qorxmaz, igid kəşfiyyatçı kimi tanınıb. Təlimlərdə olduğu kimi, müharibənin ilk günlərindən xüsusi əməliyyatlar zamanı da rəşadət və şücaət nümunələri göstərib.
2020-ci il noyabrın 2-də Xocavənd rayonu ərazisində gedən ağır döyüşlər zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanlıq nümunələri göstərərək şəhid olub.
Respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, bir neçə döyüş medalı ilə təltif olunub.
Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Rauf Əliyev, Soltan Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək şəhid valideynlərinə Vətən üçün belə igid, qəhrəman övladlar tərbiyə etdiklərinə görə minnətdarlıq edib, nə qədər Azərbaycan var, qədirbilən Azərbaycan xalqı var, onların əbədi yaşayacaqlarına əmin olduqlarını bildiriblər.
Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, general-mayor Teymur Eyyubov, polkovnik Mirqiyas Rüstəmov və başqaları şəhidlər haqqında xatirələrini bölüşüb, onların yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərə malik zabitlər olduqlarını vurğulayıb, valideynlərinə və ailə üzvlərinə minnətdarlıq ediblər.
Şairlər şəhidlər haqqında yazdıqları yeni şeirlərini oxuyub, məktəblilər hazırladıqları ədəbi kompozisiyanı təqdim ediblər.
Şəhid atası Asəm İbrahimli, şəhid qardaşı Mübariz Ağayev, şəhid Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimli, şəhid Həmdəm Ağayevin övladları Aysun və Ziya çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə və ziyarətçilərə təşəkkürlərini bildiriblər.
Hərbi orkestrin ifa etdiyi Qara Qarayevin “Rekviyem” musiqinin sədaları altında məzarlar ziyarət edilib, üzərinə əklil, çələng və qərənfillər düzülüb, şəhidlərin ruhuna dualar oxunub və ehsan verilib.