Tokio, 27 iyul , /AJMEDIA/
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 31-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
DİM-dən AJMEDIA-ya bildirilib ki, imtahan vermək üçün 357 nəfərin namizədliyi qeydə alınıb.
İmtahan saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və buraxılış vərəqəsini gətirməlidirlər.
İmtahanda namizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. Onlardan 50-si qanunvericilik, 10-u Azərbaycanın tarixi, 10-u Azərbaycan dili, 10-u kompüter bilikləri, 20-si isə məntiq üzrə olan test tapşırıqlarıdır.
İmtahan 3 saat davam edəcək. Hər sualın düzgün cavabı 1 (bir) balla qiymətləndirilir.
İmtahan Bakı şəhərində 2 binada keçiriləcək. İmtahanın idarə olunmasına 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 33 nəzarətçi–müəllim, 4 buraxılış rejimi əməkdaşı ayrılıb.