AMEA-da Pakistanın Lahor Dövlət Kollec Universitetinin nümayəndələri ilə görüş keçirilib

Tokio, 15 iyul , /AJMEDIA/

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” beynəlxalq konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın Lahor Dövlət Kollec Universitetinin bir qrup alimi ilə görüşüb.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib.
Görüşdə akademik Arif Həşimov vurğulayıb ki, Pakistan daim Azərbaycana dost ölkə olub və respublikamız müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz daha da güclənib, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub.
Bu ilin yanvarında AMEA ilə Lahor Dövlət Kollec Universiteti arasında anlaşma memorandumunun imzalandığını xatırladan akademik Arif Həşimov ötən müddət ərzində tərəflərin iştirakı ilə bir sıra onlayn görüşlərin keçirildiyini diqqətə çatdırıb. O, Lahor Dövlət Kollec Universitetində təlim keçən AMEA-nın iki doktorantına göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə AMEA adından minnətdarlığını bildirib.
İyulun 15-dən 18-dək AMEA-nın Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə baş tutacaq “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” beynəlxalq konfransının keçirilməsinin əhəmiyyətini vurğulayan akademik Arif Həşimov tədbirin iki ölkə arasında elmi-ədəbi, mədəni əlaqələrin inkişafına və güclənməsinə töhfə verəcəyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli Azərbaycanla dost və qardaş ölkə Pakistan arasında uzun illərdən bəri güclü iqtisadi, siyasi, elmi, mədəni münasibətlərin olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Pakistandan müxtəlif heyətlər akademiyanın institutlarında keçirilən tədbirlərdə iştirak etsələr də, Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyəti ölkəmizə ilk dəfə səfər edir. Akademik bu səfərin AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında imzalanmış anlaşma memorandumunun həyata keçirilməsində mühüm rol oynayacağını söyləyib.
O, 2004-cü ildə müəllifi olduğu Cəlil Məmmədquluzadə ilə bağlı kitabın İslamabadda işıq üzü gördüyünü, həmçinin 100 Azərbaycan şairinin şeirlərinin ingilis dilində Pakistanda çapdan çıxdığını deyib və bu ölkəyə müxtəlif illərdə etdiyi səfərlər barədə məlumat verib.
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” beynəlxalq konfransı barədə danışan akademik İsa Həbibbəyli tədbir çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Pakistan guşəsinin açılacağını, tanınmış şair və filosof Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin, eləcə də Azərbaycan Yazıçılar Birliyinin “Dünya ədəbiyyatı” jurnalının Pakistan ədəbiyyatına həsr olunmuş xüsusi buraxılışının təqdimatının baş tutacağını, Quba Soyqırımı Memorial Kompleksinə, o cümlədən bir sıra muzeylərə səfərlərin təşkil ediləcəyini diqqətə çatdırıb.
Ədəbiyyat İnstitutu tərəfindən Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin Azərbaycan dilinə tərcümə olunduğunu və görkəmli ədiblə bağlı monoqrafiyanın hazırlandığını deyən alim öz növbəsində Pakistanda urdu dilində dahi Nizami Gəncəvinin əsərlərinin nəşrinin əhəmiyyətindən danışıb.
Görüşdə, həmçinin Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyətinin rəhbəri, Urdu dili kafedrasının müdiri professor Saima İram, həmin kafedranın dosenti Almaz Xanum, Ərəbşünaslıq və İslamşünaslıq kafedrasının müdiri Hafiz Məhəmməd Nayem, Fars dili kafedrasının dosenti Babar Naseem Assi və Urdu dili kafedrasının dəvət olunmuş məruzəçisi Məhəmməd Hammad Niyazi çıxış edərək Bakıda olmaqdan məmnunluqlarını bildirib, Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri haqqında bir çox tədqiqatlar aparmaq niyyətində olduqlarını vurğulayıblar. Qonaqlar dahi Azərbaycan şairi Nizaminin bir çox əsərləri ilə tanış olduqlarını söyləyib, onun kitablarının yaxın gələcəkdə urdu dilinə tərcümə olunaraq nəşr ediləcəyini diqqətə çatdırıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts