Yaponiyada parlamentin yuxarı palatasına seçkilər keçirilir

Tokio, 10 iyul , /AJMEDIA/

İyulun 10-da Yaponiya parlamentinin yuxarı palatasına seçkilər keçirilir.
AJMEDIA Yaponiyanın İnzibati Məsələlər və Kommunikasiya Nazirliyinə istinadla xəbər verir ki, budəfəki seçkilər 2019-cu ildə keçirilmiş seçkilərdən seçici fəallığı ilə seçilir.
Yerli vaxtla saat 10:00-a olan məlumata əsasən, seçkilərə bütün ölkə üzrə seçicilərinin 6,18 faizi qatılıb. Bu əvvəlki seçkilərdən 0,53 faiz çoxdur.
Qeyd edək ki, seçkilər sabiq Baş nazir Şinzo Abeyə sui-qəsddən cəmi iki gün sonra keçirilir. Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) ən böyük fraksiyalarından birinə başçılıq edən Ş.Abe iyulun 8-də küçə mitinqi zamanı aldığı iki güllə yarasından sonra dünyasını dəyişib. Bir sıra partiyalar, o cümlədən müxalifətdə olan qüvvələr seçkilərin tarixinin dəyişdirilməsini təklif etsələr də, Baş nazir Fumio Kişida demokratiyanın zorakılıq qarşısında geri çəkilməyəcəyini bildirib.
Xatırladaq ki, Yaponiya parlamentinin yuxarı palatasında hazırda 245 deputat var. Seçkilərdən sonra onların sayı 248 nəfərə çatacaq. Bu palatada yerlərin əksəriyyəti hakim LDP və “Komey-to” koalisiyasındadır – 137 yer.
Yaponiya qanunvericiliyinə əsasən, yuxarı palatada üzvlük müddəti altı il təşkil edir və hər üç ildən bir onun tərkibinin yarısı yenilənir. Hazırkı seçkilərdə 124 yer uğrunda 545 namizəd mübarizə aparacaq. Onlardan 74–ü ərazi dairələri, 50-si isə proporsional siyahı üzrə seçiləcək.
Baş nazirin namizədliyini müəyyənləşdirən və büdcə haqqında qanunun qəbulunda həlledici rol oynayan aşağı palatadan fərqli olaraq yuxarı palata real hakimiyyətə malik deyil. Lakin bu palatada səs çoxluğu qazanan müxalifət partiyaları hökumətin işinə əngəl yarada bilər. Bununla yanaşı, mütəxəssislərin rəyinə və sosial sorğuların nəticələrinə görə, hakim koalisiyanın daxil olduğu LDP və “Komey-to” partiyası seçkilərin nəticələrinə görə yuxarı palatada üstünlüyü saxlaya biləcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts