Azərbaycan-Qazaxıstan biznes-forumu keçirilib

Tokio, 7 iyun , /AJMEDIA/

İyunun 7-də Qazaxıstan Respublikasının əmtəə istehsalçılarının Azərbaycan Respublikasında iqtisadi-ticarət missiyası və birgə biznes-forumu keçirilib.
AJMEDIA xəbər verir ki, tədbiri Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov açaraq biznes-forumun əhəmiyyətindən söz açıb. Diplomat cari ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfərinin əməkdaşlığın inkişafına təkan verəcəyini qeyd edib. Bildirib ki, səfər zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı ilə bağlı bir sıra sənədlər imzalanacaq.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Azərbaycan və Qazaxıstan arasında iqtisadi münasibətlərdə xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən səfir vurğulayıb ki, bu ilin sonunadək bu dəhliz vasitəsilə yük daşımaların həcminin 6 dəfəyədək artacağı proqnozlaşdırılır.
Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinə, KOBİA-nın biznesə dəstəyinə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb. Qeyd olunub ki, agentlik Qazaxıstanın müvafiq qurumları, o cümlədən “Damu” Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edir. KOBİA yerli KOB-lar ilə potensial xarici tərəfdaşlar, o cümlədən Qazaxıstandan olan iş adamları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün də çalışır. Qazaxıstanın iş adamları Azərbaycana investisiya qoyuluşu, yerli tərəfdaşların tapılması üçün KOBİA-nın müxtəlif dəstək və xidmətlərindən istifadə edə bilərlər.
Azərbaycanla Qazaxıstan arasında mühüm iqtisadi tərəfdaşlığın olduğunu vurğulayan “QazTrade” SC-nin baş direktoru Azamat Askarulı 2021-ci ildə ölkələr arasında əmtəə dövriyyəsinin 300 milyon ABŞ dolları təşkil etdiyini diqqətə çatdırıb. O, yaxın zamanlarda bu rəqəmin 500 milyon dollar olacağına əminliyini bildirib.
“Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu” Respublika Dövlət Müəssisəsinin baş direktoru Qabit Muxambetov “Qazaxıstan perspektivli regional ixrac qovşağı kimi” mövzusunda məruzə ilə çıxış edib.
Biznes-forum çərçivəsində Azərbaycan və Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb.
“Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov və “QazTrade” SC-nin baş direktoru Azamat Askarulı Əməkdaşlıq Memorandumu imzalayıblar. Həmçinin metal məhsullarının, günəbaxan yağının, duzun, düyünün, lak və boya məhsullarının tədarükü haqqında da sənədin imzalanması baş tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts