Tokio, 11 aprel , /AJMEDIA/
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Yunanıstanın paytaxtı Afina şəhərində XXIII Ali Səviyyəli toplantısında IX Qlobal Bakı Forumuna hazırlıq müzakirəsi keçirib.
Mərkəzdən AJMEDIA-ya bildirilib ki, “Qlobal Dünya Nizamının yaşadığı çətinliklər: Necə irəliliyə bilərik?” mövzusunda keçirilən XXIII Ali Səviyyəli toplantıda “Multilateralizm ölürmü?”, “Qlobal Təhlükəsizlik Arxitekturasının yenidən nəzərdən keçirilməsi”, “Ukrayna müharibəsi dünya nizamı üçün nə deməkdir?”, “BMT-də islahatlar”, “Qlobal səhiyyə idarəçiliyi”, “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rol” kimi mövzular müzakirə edilib.
Toplantının işində Yunanıstanın və İsrailin sabiq xarici işlər nazirləri Dora Bakoyannis və Tzipi Livni, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko, Ərəb Liqasının sabiq rəhbəri Əmr Musa, Belçikanın sabiq Baş naziri İv Löterm, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliev və Petar Stoyanov, BMT-nin Baş Assambleyasının 73-cü Prezidenti Maria Espinoza, Xorvatiyanın sabiq prezidentləri Kolinda Qrabar-Kitarovic və İvo Yosipoviç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Moldovanın sabiq Baş naziri Kiril Qaburiçi, Mərkəzin həmsədri İsmayıl Seragəldin, Mərkəzin Baş katibi Rövşən Muradov, Baş katibin müavini İlahə İbrahimli, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili iştirak ediblər.
Eyni zamanda, Mərkəzin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və İngiltərənin sabiq Baş naziri Qordon Braun onlayn formatda müzakirələrə qatılıblar.
Mərkəzin həmsədri Vayra Vike-Freyberqa İkinci Dünya müharibəsindən sonra dünyanın yaşadığı ən çətin bir vaxtda Mərkəzin fəaliyyətinə, Ümumdünya Səhiyyə Təşkilatına, Ukraynaya və digər yardıma ehtiyacı olan ölkələrə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbir iştirakçılarına müraciətində İngiltərənin sabiq Baş Naziri Gordon Braun deyib: “Dünyada bu qədər parçalanmaların olduğu halda belə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi rolu var. Biz dialoq üçün və insanlar zorakılıqla bir-birindən uzaqlaşdırıldıqda da onları bir araya gətirməyə çalışmalıyıq.
Biz heç vaxt qorxaraq hərəkət etməməliyik, lakin heç vaxt hərəkət etməkdən qorxmamalıyıq. Hətta köhnə körpülər uçurulduqda belə biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi vasitəsilə körpülər qurmağa çalışmalıyıq”.