Tokio, 24 mart , /AJMEDIA/
Martın 23-də Yaponiya parlamenti qarşısında çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski bu ölkəni Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.
AJMEDIA xəbər verir ki, yapon qanunvericilər qarşısında video rabitə vasitəsilə çıxış edən V.Zelenski ölkə ərazisində olan atom elektrik stansiyalarında vəziyyətin çox ağır olduğunu qeyd edib.
“Yaponiya Rusiyaya təzyiq göstərən ilk Asiya dövlətidir. Biz bunun davam etməsini istəyirik”, – deyə Ukrayna Prezidenti vurğulayıb. Böhranın başladığı ilk andan göstərilən yardıma görə Yaponiyaya minnətdarlığını bildirib.
“Ukraynaya qarşı sunami təcavüzünün qarşısını almaq üçün Rusiya ilə ticarət qadağan edilməlidir”, – deyə V.Zelenski qeyd edib.
Qeyd edək ki, Yaponiya vaxtı ilə axşam saat 18:00 radələrində böyük ekranda parlamentin qarşısına çıxan Ukrayna Prezidentini 500-dək deputat qarşılayıb. Başda Baş nazir Fumio Kişida olmaqla iştirakçılar V.Zelenskinin təqribən 12 dəqiqə davam edən nitqini ayaq üstə alqışlayıblar.
V.Zelenskinin nitiqinə qulaq asdıqdan bir neçə saat sonra Brüsselə, G7 liderlərinin samiitinə yola düşən Baş nazir F.Kişida jurnalistlərə bildirib ki, Prezident V.Zelenskinin öz ölkəsini qorumaq üçün göstərdiyi cəsarət və mərdlik onu heyran edib.
“Biz Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi məsələsinə və Ukraynaya vəd etdiyimi 100 milyon dollar məbləğində əlavə humanitar yardım üzərində düşünəcəyik”, – deyə F.Kişida bildirib.