Tokio, 19 mart , /AJMEDIA/
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi Tələbə Həmkarlar Təşkilatı Komitəsinin təşkilatçılığı ilə “Şərq ölkələrində Novruz bayramı və ənənələr” adlı bayram tədbiri keçirilib.
Bu barədə AJMEDIA-ya BDU-dan məlumat verilib. Bildirilib ki, fakültənin professor-müəllim heyətinin, tələbələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərin əziz xatirəsi anılıb.
Fakültənin dekanı, dosent Aydan Xəndan Novruz bayramının xalqımızın ən gözəl bayramlarından olduğunu, insanlara sonsuz sevinc bəxş etdiyini deyib.
Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli Orta Şərq ölkələrinin müştərək irsi olan Novruzun tarixi əhəmiyyəti, zərdüştilik təsəvvürlərinin geniş yer aldığı bayramın yayıldığı ölkələr, “Avesta”da Novruz haqqında məsələlər, “Novruz” sözünün etimologiyası və digər mifoloji təsəvvürlər barədə danışıb.
Tədbirdə tələbələr təhsil aldıqları Şərq dillərində həmin ölkələrdə Novruz bayramı ilə əlaqədar olan ənənələrdən bəhs edib, Azərbaycan dilində qısa xülasələr təqdim ediblər.
Çıxış edənlər bayramın müştərək motivlərinin xalqlar arasında mədəni körpü yaratdığını vurğulayıblar.
Sonda Novruz bayramına həsr olunan videoçarx nümayiş etdirilib.