Tokio, 11 mart , /AJMEDIA/
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Müasir arxeoloji tədqiqatlar: qabaqcıl texnologiyalar və perspektivlər” mövzusunda elmi seminar keçirilib. Seminar muzeyin Arxeologiya elmi fond şöbəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrası tərəfindən təşkil olunub.
Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib.
Bildirilib ki, muzeyin əməkdaşı və ADPU-nun müəllimi Laçın Mustafayev beynəlxalq əməkdaşlığa və arxeoloji tədqiqatlara həsr olunan seminarın əhəmiyyətini vurğulayıb.
Sonra Almaniyanın Vürzburq Universitetinin Qədim Yaxın Şərq Arxeologiyası Departamentinin əməkdaşı professor Martin Qruberin mühazirəsi dinlənilib. Almaniyalı mütəxəssis arxeoloji kəşfiyyat və qazıntı prosesində istifadə olunan müasir texnologiyalar və tədqiqat üsulları, eləcə də ən son proqram təminatı haqqında ətraflı məlumat verib.
Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, Arxeologiya elmi fond şöbəsinin müdiri dosent Nasir Quluzadə və ADPU-nun kafedra müdiri dosent Sevinc Əliyeva çıxış ediblər. Onlar qabaqcıl texnologiyaların Azərbaycan arxeologiyasında tətbiqinin əhəmiyyətini, maddi irsimizin beynəlxalq əməkdaşlıq çərçivəsində öyrənilməsinin zəruriliyini vurğulayıblar.