Bayden ölkədə vəziyyət haqqında məruzəsinin xeyli hissəsini Ukraynada münaqişə məsələsinə həsr edib

Tokio, 2 mart , /AJMEDIA/

ABŞ Prezidenti Co Bayden Konqres üzvləri qarşısında “Ölkədə vəziyyət haqqında” illik məruzə ilə çıxış edib. Onun çıxışının xeyli hissəsi Ukraynada silahlı münaqişə məsələsinə həsr edilib.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bütün aparıcı telekanallar Baydenin çıxışını birbaşa efirdə translyasiya ediblər. Prezident, ilk növbədə xarici siyasət məsələlərinə toxunub. Adətən, ABŞ prezidentlərinin ölkədə vəziyyət barədə çıxışları daxili problemlər üzərində cəmləşir. Bu dəfə isə, Ukraynada münaqişənin başlanması və bununla əlaqədar ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiyaları fonunda Bayden öz nitqinin xeyli hissəsini Ukrayna mövzusuna həsr edib. Baydenin nitqini dinləməyə gəlmiş Amerika senatorlarının və hər iki partiyanı təmsil edən konqresmenlərin çoxunun əllərində Ukrayna bayraqları və ya sarı-mavi aksesuarlar vardı.

Ukraynanın ABŞ-dakı səfiri Oksana Makarova ABŞ-ın birinci xanımı Cill Baydenin yanında əyləşib. Konqres üzvləri Makarovanı alqışlarla salamlayıblar. Prezident Bayden bir faktı xüsusi qeyd edib ki, dövlət başçısı çıxış edərkən Ukraynanın ABŞ-dakı səfiri birinci xanımın yanında əyləşib. Bayden ABŞ Konqresinin Nümayəndələr Palatasının zaldakı bütün nümayəndələrinə ayağa qalxmağı və “Amerikanın ukraynalılara tərəfdar olması” barədə bütün dünyaya “birmənalı işarə verməyi” təklif edib.

Bayden öz çıxışında ABŞ və onun müttəfiqləri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları sadalayıb, Rusiyanın yüksək texnologiyalardan istifadə imkanından məhrum olunmasını xüsusi qeyd edib. Ağ evin rəhbəri elan edib ki, ABŞ Rusiyadan gələn təyyarələr üçün öz hava məkanını bağlayır. Bayden müraciətində bildirib ki, onun ölkəsinin qoşunları Ukraynada Rusiya ilə silahlı münaqişədə iştirak etmirlər və etməyəcəklər. Prezident daha sonra iqtisadi məsələlərə toxunub, yanacağın qiymətinin artması, amerikalı istehlakçılara dəstək, vergi sistemində islahatlar, COVID-19-a qarşı mübarizə, pandemiyanın nəticələrinin aradan qaldırılması tədbirlərini şərh edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts