Tokio, 1 mart , /AJMEDIA/
Yeni Zelandiyanın və Böyük Britaniyanın hakimiyyət orqanları iki ölkə arasında azad ticarət barədə müqavilə imzalayıb.
AJMEDIA xəbər verir ki, bu barədə yeni Zelandiyanın Baş naziri Casinda Ardern məlumat verib. Müqaviləni tarixi sənəd adlandıran C.Ardern sənədin qüvvəyə mindiyi andan iki ölkə arasında ticarətin, demək olar ki, rüsumsuz həyata keçiriləcəyini qeyd edib.
Baş nazir bildirib ki, Yeni Zelandiya məhsullarına tətbiq ediləcək kvotalar ölkənin ümumi daxili məhsulunun artımına, kiçik və orta biznesi dəstəkləməyə və iş yerlərini saxlamağa imkan yaradacaq.
Müqaviləyə əsasən Böyük Britaniya Yeni Zelandiyadan ixrac edilən bütün məhsullara tarifləri aradan qaldıracaq, mövcud dövriyyəyə daxil olan məhsulların 95 faizindən rüsumları ləğv edəcək. İlkin proqnozlara görə, bu, cari ilin sonunadək Yeni Zelandiya iqtisadiyyatına 37 milyon Yeni Zelandiya dolları (24,8 milyon ABŞ dolları) mənfəət gətirəcək, Böyük Britaniyaya ixracın həcmi isə 50 faiz artacaq.
Müqavilənin 2022-ci ilin sonlarında qüvvəyə minməsi planlaşdırılır.