Tokio, 25 fevral, /AJMEDIA/
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı hərbi əməliyyatları dayandırmaq barədə bir daha danışıqlara çağırıb.
AJMEDIA xəbər verir ki, Zelenski bu çağırışı “Ukraina-24” telekanalında yayımlanan çıxışında edib.
“Rusiya hərbi əməliyyatlara son qoymaq və işğalı dayandırmaq barədə gec-tez bizimlə danışıqlar aparmalıdır. Bu danışıqlar nə qədər tez başlasa, Rusiyanın itkiləri də bir o qədər az olar”, – deyə o bildirib.
Bir müddət öncə Volodimir Zelenski Ukraynanın neytral statusu və təhlükəsizlik təminatları məsələsini Moskva ilə müzakirə etməyə hazır olduğunu bildirib. O, həmçinin Qərbin Ukraynaya təhlükəsizlik zəmanəti vermədiyini və ölkəsini NATO-ya qəbul etmək istəmədiyini dilə gətirib.
Qeyd edək ki, fevralın 24-də Kiyev vaxtı ilə səhər saat 05:00-da Rusiya Donbasda xüsusi hərbi əməliyyata başlayıb. Hazırda əməliyyatlar Ukraynanın şimalında, şərqində və cənubunda davam edir. Rusiya Silahlı Qüvvələri ölkənin dərinliyində Ukrayna ordusuna məxsus hərbi obyektlərə aviasiya və raket zərbələri endirir.