Tokio, 15 fevral, /AJMEDIA/
Cari ilin ilk mötəbər yarışı Dubayda keçiriləcək Premyer Liqadır. Bu nüfuzlu yarış bu həftə start götürür. Komandamız yarışa tam hazırdır. İnanırıq ki, millimizin üzvləri Premyer Liqada yüksək nəticə göstərəcəklər.
AJMEDIA xəbər verir ki, bu sözləri Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov AZƏRTAC-a açıqlamasında deyib.
Federasiya prezidenti qeyd edib ki, bu il 5 Premyer Liqa turniri keçiriləcək. Onlardan biri – sentyabrın 2-4-da ilk dəfə Bakıda baş tutacaq. Ölkəmizdə, həmçinin ənənəvi “Olimpiya ümidləri” beynəlxalq yarışı da təşkil olunacaq.
Bu il məsul yarışlardan V İslam Həmrəyliyi Oyunlarını və Ümumdünya Oyunlarını xüsusi qeyd edən Y.Bəşirov deyib: “Ötən il karate üzrə milli komandamız üçün çox uğurlu oldu. Pekin Yay Olimpiya Oyunlarında iki idmançımız finalda mübarizə apardı. Qadın karateçimiz İrina Zaretska dünya və Avropa çempionu oldu. Kişilərdən ibarət komandamız dünya və Avropada çempionatlarında üçüncü nəticə göstəriblər. Bu il ABŞ-da keçiriləcək Ümumdünya Oyunlarına, hələlik iki idmançımız – İrina Zaretska (67 kq) və Asiman Qurbanlı (+84 kq) vəsiqə qazanıblar. Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında isə komanda şəklində bütün çəki dərəcələrində iştirak edəcəyik. Hər il olduğu kimi böyüklər, gənclər, həm də yeniyetmələr arasında Avropa çempionatları keçiriləcək. İnanırıq ki, karateçilərimiz bu il də beynəlxalq arenalarda keçiriləcək nüfuzlu yarışlarda Azərbaycanı layiqincə təmsil edəcəklər”.
Y.Bəşirov milli komandanın üzvü Rafael Ağayevin peşəkarların mübarizə apardığı karate kombat yarışında özünü sınadığını bildirib: “Rafael Ağayev formadadır. O, həm karate, həm də karate kombat üzrə yarışlarda iştirak edəcək. Rafael Dubayda keçiriləcək Premyer Liqada iştirak etməsə də, bu il təşkil olunacaq Avropa çempionatına və digər nüfuzlu yarışlara qatılacaq”.