Tokio, 12 fevral, /AJMEDIA/
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 2,3 milyon nəfərdən çox olub.
AJMEDIA pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 2 milyon 314 min 210 nəfər yeni koronavirusa yoluxub, 10 min 929 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 408 milyon 678 min 881, ölənlər isə 5 milyon 819 min 777 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (229 min 989 nəfər) Almaniyada və bu xəstəlikdən ölüm faktı (1917 nəfər) isə ABŞ-da qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (79,2 milyon), Hindistan (42,5 milyon), Braziliya (27,2 milyon), Fransa (11,5 milyon), Böyük Britaniya (18,2 milyon), Rusiya (13,7 milyon) və Türkiyədə (12,7 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.