Tokio, 12 fevral, /AJMEDIA/
Paytaxtımızda batut gimnastikası üzrə dünya kuboku yarışına start verilib. Milli Gimnastika Arenasında keçirilən yarışda 14 ölkədən 63 idmançı iştirak edir.
AJMEDIA xəbər verir ki, batutçular iki gün ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günündə təsnifat mərhələsi, ikinci günündə isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək.
Qeyd edək ki, yeni Olimpiya dövründə batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən çox iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir.
Dünya kubokunun miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifat mərhələsində müvafiq olaraq 16 və ya 24 iştirakçı yarışır.
Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.
Xatırladaq ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda beşinci dəfə təşkil olunacaq.
Budəfəki yarışın iştirakçıları arasında Belarus təmsilçiləri, “Rio-2016” Yay Olimpiya Oyunlarının qızıl medalçısı, ikiqat Avropa çempionu, Avropa Oyunlarının qalibi, dünya çempionu Vladislav Qonçarov, “Tokio-2020” Yay Olimpiya Oyunlarının qalibi İvan Litvinoviç, beşqat dünya və beşqat Avropa çempionu Oleq Ryabtsov, Rusiya təmsilçisi, dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu Yana Lebedeva, İsveç təmsilçisi, üçqat dünya və Avropa çempionu Lina Sjoberq, Avstriya təmsilçisi, yeniyetmələr arasında Olimpiya Oyunlarının bürünc mükafatçısı Benni Vizani, Gürcüstan təmsilçisi, Avropa Oyunlarının gümüş mükafatçısı Qolovina Lyuba da yer alıblar.
Kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.
İdmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni “İdman TV” kanalı vasitəsilə canlı izləyə bilərlər.