Yaponiyalı professor: Sülh bəyannaməsi və müqavilə maddələrinin paraflanması Azərbaycan üçün tarixi nailiyyətdir

Tokio, 9 avqust, /AJMEDIA/

Bu sözləri AJMEDIA-ya avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış Sülh bəyannaməsini şərh edən Yaponiyanın Keyo Universitetinin professor xanım Yoko Hirose deyib.

Yapon professor ilkin olaraq qeyd edib ki, bu sənəd onilliklər boyu davam edən münaqişəyə son qoyulması istiqamətində mühüm addımdır və Azərbaycana regionda sülhün və inkişafın təşviqində liderlik etmək imkanı yaradır. Sənədə materik Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən strateji dəhlizin (TRIPP – Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu) daxil edilməsi xüsusilə vacibdir, çünki bu, ölkənin ərazi bütövlüyünü birbaşa dəstəkləyir və iqtisadi inkişafı sürətləndirir.

Xanım Hirose əlavə edib ki, maddələrin paraflanması müqavilənin rəsmi imzalanmasına yol açır və Azərbaycanın çoxdan açmağa çalışdığı nəqliyyat dəhlizi üçün konkret çərçivə yaradır. Diplomatik olaraq o, Azərbaycanın etibarını və danışıqlar gücünü artırır, yekun razılaşma üçün möhkəm zəmin yaradır.

Bəyannamədəki maddələrlə bağlı fikirlərini bildirən professor qeyd edib ki, buradakı “suverenliyə və ərazi bütövlüyünə hörmət” və “ərazilərin güc yolu ilə dəyişdirlməsinin qəbuledilməzliyi” kimi əsas prinsiplərin yer alması Azərbaycanın beynəlxalq aləmdə mövqeyini qanuniləşdirir. Bu, həm onun təhlükəsizliyini, həm də gələcəkdə ərazi birliyinin təminatlarını gücləndirir.

“Tramp yolu”nun əhəmiyyəti və onun regional iqtisadiyyata və münasibətlərə təsiri barədə sualı cavablandıran yapon alim bildirib ki, TRIPP Azərbaycanın ticarət yollarının şaxələndirilməsinə və iqtisadi imkanlarının genişlənməsinə töhfə verməklə yanaşı yük daşımaları, enerji təchizatı və kommunikasiya infrastrukturunu asanlaşdıracaq. O, həmçinin Rusiya və İranın ənənəvi təsir dairələrindən daha az asılı olan yeni regional nizamın yaradılmasını dəstəkləyəcək. Bununla belə, bu ölkələrdən müəyyən müqavimət gözlənilir ki, bu da Azərbaycanın geniş beynəlxalq dəstəyi təmin edərkən ehtiyatlı davranmasını zəruri edir.

Nəhayət, sülh bəyannaməsi və müqavilə maddələrinin paraflanması Azərbaycan üçün tarixi nailiyyətdir və bir çox aspektlər üzrə fayda gətirir. Buraya ərazi bütövlüyünün təmin edilməsi, iqtisadi təməlin möhkəmləndirilməsi və diplomatik mövqenin yüksəldilməsi daxildir. Sülh müqaviləsi rəsmi şəkildə imzalandıqdan və həyata keçirildikdən sonra bu nailiyyətlər bütün regionun sabitliyinə və rifahına böyük töhfə verərək mühüm reallığa çevriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts