31 mart Azərbaycanlıların Soyqırımı Günü və onun dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyəti

Tokio, 31 mart, /AJMEDIA/

Beynəlxalq ictimaiyyət ermənilər tərəfindən azərbaycanlıların zaman-zaman başına gətirilmiş bütün bəlalardan xəbərdar olmalıdır. Erməni qəsbkarları tərəfindən artıq bir neçə əsrdir ki, xalqımızın başına açılan oyunlar, dinc əhaliyə qarşı törədilən qırğınlar, dağıdılan tarixi və mədəniyyət abidələri barədə belə məlumatların yayılması, fikrimizcə, bu millətin yazıq, məzlum və həmişə əzilən xalq olması barədə yaydıqları yalan informasiyanın ifşası baxımından əhəmiyyətlidir. Uzun illər ərzində soydaşlarımızı öz dədə-baba yurdlarından didərgin salan, onlara qarşı görünməmiş vəhşiliklər törədən bu toplumun həqiqi üzü dünya xalqlarına çatırılmalıdır. Erməni cəlladlarının onları böyük qonaqpərvərliklərlə qarşılayaraq dədə-baba torpaqlarında yerləşdirən azərbaycanlılara qarşı soyqırım siyasəti barədə həqiqətlər olduğu kimi geniş yayılmalıdır.
Beynəlxalq ictimaiyyət bilməlidir ki, son 200 il ərzində bir milyondan artıq azərbaycanlı ermənilər və onların havadarları tərəfindən qətlə yetirilib, 2 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
«Böyük Ermənistan» xülyası ilə yaşayan ermənilər ən alçaq və rəzil üsullardan istifadə edərək zaman-zaman soydaşlarımızı öz dədə-baba, tarixi etnik torpaqlarından zorla çıxarıblar. Müasir Ermənistan dövləti Qərbi Azərbaycan torpaqları ərazisində təşəkkül tapıb. 1905-1918-ci illərdə erməni quldurlarının törətdikləri qanlı faciələr və talanlar, 1948-53-cü illərdə soydaşlarımızın öz dədə-baba torpaqlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Ermənistanda, Dağlıq Qarabağ və onun ətraf rayonlarında həmvətənlərimizin başına gətirilən vəhşiliklər və əzəli torpağımız olan Qarabağın işğal edilməsi xalqımıza qarşı məkrli erməni siyasətinin qanlı səhifələrindəndir.
1918-ci ilin martında erməni daşnakları Bakıda və Azərbaycanın digər yerlərində qırğınlar törətmişlər. Təkcə Bakıda və onun ətraf kəndlərində 30 min nəfər azərbaycanlı, digər ərazilər də daxil olmaqla bütövlükdə 50 min nəfərə yaxın soydaşımız vəhşicəsinə qətlə yetirilmişdir. Bunların xeyli hissəsi uşaq, qadın və qocalardan ibarət idi. Erməni silahlı qüvvələri Azərbaycanın digər yerlərində də qırğınlar törətmişlər. Belə ki, Şamaxı qəzasının bir sıra kəndləri yandırılaraq 8 mindən çox adam öldürülmüşdür. Xaçmazda, Naxçıvanda, Zəngəzurda, Lənkəranda, Qarabağda, Qubada və digər yerlərdə kəndlər yerlə yeksan edilmiş, soydaşlarımız vəhşicəsinə qətlə yetirilmişdir. Qubadakı kütləvi məzarlıq, Xocalı faciəsi ermənilərin və onların əlaltılarının xalqımıza qarşı yeritdikləri soyqırım siyasətini bir daha təsdiqləyib. Xalqımıza qarşı həyata keçirilən soyqırımlar yalnız ötən əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən verilmiş tarixi Fərmanla siyasi- hüquqi qiymətini almışdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Həmin hadisələr barədə həqiqətlərin üzə çıxması və onun geniş rezonans doğurması üçün bütün bunların beynəlxalq ictimaiyyətə çatdırılması mühüm əhəmiyyətə malikdir. Doğrusunu deyək ki, bu istiqamətdə ermənilər daha aktivdirlər və onlar olmayan, qondarma “1915-ci il soyqırımı”nı dünyaya car çəkməkdə daha irəli gediblər. Son illər Azərbaycan da, nəhayət, həqiqətlərin işıq üzü görməsində xeyli işlər görüb. Bu işdə xaricdə yaşayan soydaşlarımızın əməyi böyükdür. Onlar 31 mart və ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən digər vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün hər il soyqırım ərəfəsində müxtəlif tədbirlər həyata keçirirlər. 31 mart – Soyqırımı Günü ilə əlaqədar xaricdəki soydaşlarımız həmin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün fəallıqlarını artırıblar. Bununla əlaqədar beynəlxalq kampaniyanın təşkili artıq ənənə halını alıb. Dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız bu istiqamətdə fəaliyyətlərini genişləndirirlər. Soydaşlarımız həmin hadisələrlə bağlı yaşadıqları ölkələrin rəsmiləri və yerli ictimaiyyətin nümayəndələri ilə görüşərək əsl həqiqətləri onlara çatdırmaqla məşğuldurlar. Bununla da müxtəlif dövlətlərin əhalisinin böyük hissəsinin real həqiqətlərdən xəbərdar olmasına öz töhvələrini verirlər. Qeyd etmək yerinə düşər ki, bir çox ölkələrdə ermənilər təbliğati baxımdan da bizdən irəlidədirlər. Düzdür, son illər erməni mifi dağılır və nəticədə dünya əhalisi reallığın nə olduğunu dərk etməyə başlayıb. Bu istiqamətdə xaricdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının əməyi böyükdür. Söz yox ki, 31 mart hadisəsilə bağlı tədbirlər digər ölkələri də bürüyəcək. Belə tədbirlərin ermənilərin iç üzünü açmaq, həqiqətlərin işıq üzü görməsində xidmətləri danılmazdır. Bu məqsədlə soyqırımın növbəti ildönümü günlərində dünyanın digər məkanlarında da təbliğat xarakterli geniş tədbirlər keçirilməsinə ehtiyac var. Doğrusunu deyək ki, bir çox Avropa ölkələrində, xüsusən İsveç, İsveçrə, Böyük Britaniya, Almaniyada, həmçinin Amerikada belə tədbirlərin təşkili artıq ənənə xarakteri alıb. Bu məqsədlə bir sıra ölkələrdə soyqırımla bağlı məlumatları yerli ictimaiyyətin nümayəndələrinin diqqətinə çatdırmaq sənədli silsilə soyqırım filmlər yayılır. Həmin filmlər sosial şəbəkələrdə yerləşdirilir. Məsələn, həmin məlumatlar arasında ermənilərin 1918-ci ildə Göyçə-Zəngəzur mahalında, Nefçala-Salyan bölgəsində, Naxçıvanda törətdikləri soyqırım hadisələrilə bağlı canlı şahidlərin dililə silsilə sənədli filmlər yer alıb. Digər xarici ölkələrdə də belə sənədli filmlərin yerli dilə tərcümə olunması və nümayişi istiqamətində tədbirlər xüsusi təsir gücünə malik ola bilər, qeyd edilən istiqamətdə yaxşı səmərə verər. Diaspor fəalları təmsil olunduqları dövlətlərdə soyqırımla bağlı sənəd və faktlara söykənərək daha geniş surətdə müəyyən tədbirlər həyata keçirirlər.
Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, bu fəaliyyət təkcə kampaniya tədbirləri deyil, soyqırımla bağlı sənədlərin xarici dillərə geniş tərcüməsini də vacib edir. Xüsusən Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə olan sənədlərin xarici dillərdə nəşrinə geniş diqqət yetirilməlidir. Həmçinin, video materialların çıxardılmasına da önəm verilməlidir. Bütün bunlar soyqırımı hadisəsinin xaricdə geniş təbliğində, əcnəbilərin əsl həqiqətləri bilməsində müsbət təsir göstərə bilər.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts