28 May – xalqımızın qürur və şərəf tarixi

Tokio, 28 may , /AJMEDIA/

Bu gün müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 106 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin nəticəsi sayılan Cümhuriyyət müasir dövlətçilik tariximizdə mühüm yerə malikdir. Cəmi 23 ay fəaliyyət göstərmiş Cümhuriyyət Şərqin siyasi həyatında mühüm rol oynadı, dövlətçilik tariximizin əsaslarını daha da zənginləşdirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və 23 ay ərzində fəaliyyəti tarixi hadisə idi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsində də deyildiyi kimi, “Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlət oldu”. Azərbaycanın ilk parlamenti və hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, milli atributlar – bayraq, himn və gerb təsis edildi, Azərbaycan dili dövlət dili elan edildi, Milli Ordu formalaşdı. Təsadüfi deyil ki, zəngin mədəni-tarixi ənənələrə malik olan Azərbaycanın ilk universiteti də təsis olundu. Bu, əslində təhsilin milliləşdirilməsi demək idi.

AJMEDIA xəbər verir ki, bu fikirləri YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev deyib. O bildirib ki, vətəndaşların mülki və siyasi hüquqlarının qorunması, bütün xalqların və hər kəsin milli, dini, irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqlu inkişafı üçün münbit şəraitin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində əksini tapıb. On səkkiz yaşına çatmış bütün vətəndaşlara, o cümlədən qadınlara səsvermə hüququnun verilməsi isə həmin dövr üçün bir çox Avropa dövlətlərində belə gündəmə gətirilməsi mümkün olmayan elə bir demokratik dəyər idi ki, bu fakt azadlıq və demokratiya beşiyi sayılan Avropa ölkələrində bu gün də heyranlıq və qibtə doğurmaqdadır. Məhz universal dəyərlərə, insan hüquq və azadlıqlarına təminat yaradan prinsipləri dövlət idarəetməsinin əsas prinsipləri kimi qəbul etməklə Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunun ilk günlərindən etibarən Şərqin, İslam və Türk dünyasının mütərəqqi dövlət modeli kimi qəbul edilməyə və fəaliyyət göstərməyə başlayıb. Beləliklə, bütün regionun siyasi mənzərəsini dəyişən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra həm ölkədaxili, həm də regional və beynəlxalq miqyasda dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, beynəlxalq hüququn müstəqil subyekti statusunun əldə edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilməyə başlanıb.

Onun sözlərinə görə, ölkənin dövlət rəmzlərinin təsis edilməsi barədə qərarın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi əsasında müasir dövlət idarəçiliyinin əsasının qoyulması, milli valyutanın tədavülə buraxılması, Milli Ordunun yaradılması qısa müddət ərzində həyata keçirilmiş mühüm tədbirlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yenicə müstəqilliyinə qovuşmuş dövlətin qanunvericilik əsaslarını yaratmaq istiqamətində mühüm addımlar ataraq milli parlamentarizmin təşəkkülünə yol açıb.

“Cümhuriyyətin süqutundan sonra 70 il sovet rejiminin basqıları da Azərbaycan xalqının azadlıq ideallarını boğa bilmədi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövləti quruldu. Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldıldı, habelə 2007-ci ildə İstiqlaliyyət küçəsində Cümhuriyyətin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı oldu, Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətləri bu gün yüksək dəyərləndirilir, onların zəngin irsi öyrənilir və təbliğ olunur. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Biz Cümhuriyyətin 106-cı ildönümünü tam fərqli əhvali-ruhiyyədə qeyd edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə Azərbaycan Ordusu xalqın 30 illik torpaq həsrətinə son qoydu, 44 gün ərzində böyük Zəfər tarixi yazdı. Bu gün Cümhuriyyətin yadigarı olan üçrəngli bayrağımızın Qarabağda qürurla dalğalanması həm Cümhuriyyət qurucularının, həm müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndərin, həm də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ən böyük hədiyyədir”, – deyə YAP sədri vurğulayıb.

O diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyevin də söylədiyi kimi, Cümhuriyyət qurucuları sağ olsaydı, bugünkü Azərbaycanla fəxr edərdilər. İkinci dəfə müstəqilliyimizin əldə olunmasında müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin qoyduğu yol Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Bu gün Azərbaycan nəinki regionda, eləcə də bütün dünyada söz və nüfuz sahibinə çevrilib. Dövlətimizin başçısına Müstəqillik Günü münasibətilə dünyanın bir sıra dövlət başçıları və nüfuzlu təşkilat rəhbərləri tərəfindən ünvanlanmış təbrik məktubları bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimiz daha əbədi, daha dönməz olacaq, bizi qarşıda yeni zəfərlər və qələbələr gözləyir”, – deyə M.Nağıyev fikrini yekunlaşdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts