2022-ci ildə beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən olacaq

Tokio, 7 yanvar, /AJMEDIA/

Beynəlxalq təşkilatlarda aktiv iştirak Azərbaycanın xarici siyasətində son illərdə əsas prioritetlərdən birinə çevrilib. Dövlətimiz müxtəlif beynəlxalq platformalarda yalnız üzləşdiyimiz problemlərin deyil, eyni zamanda, qlobal miqyaslı problemlərin həllinə töhfə verməyə çalışır və bir çox hallarda buna nail olur. Azərbaycanın səyləri dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və biz tez-tez bunun əməli şahidi oluruq.

AJMEDIA xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov deyib.

O bildirib ki, Azərbaycan hazırda 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatının sədri kimi təkcə bu təşkilat daxilində deyil, həmçinin digər beynəlxalq platformalarda da aparıcı rol oynayır. 2020-ci ilin əvvəlindən etibarən dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində biz bu aktivliyin şahidi olduq. Dövlətimizin başçısının təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının növbədənkənar sammitinin keçirilməsi, pandemiyaya qarşı mübarizə üçün müəyyən təşəbbüslərin irəli sürülməsi və ən əsası BMT-nin Baş Assambleyası çərçivəsində müzakirələrin başladılması Azərbaycan diplomatiyasının uğuru hesab olunmalıdır.

“Geridə qoyduğumuz 2021-ci ilin noyabrın 18-də məhz Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assembleyasında COVID-19 əleyhinə vaksinlərə universal çıxışın təmin olunması üçün qətnamə qəbul edildi. Bu qətnamənin qəbulundan əvvəl, sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasında çıxışında “vaksin millətçiliyini” sərt tənqid edərək, zəif inkişaf etmiş ölkələrin hələ də kifayət qədər vaksin əldə edə bilməməsindən narahatlığını ifadə edib. Qeyd edək ki, dünya ictimaiyyətini bu məsələdə daha diqqətli olmağa çağırmaqla bərabər, ölkəmiz özü də bu yöndə addımlar atıb, 2020-ci ildə Dünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edib, pandemiya ilə mübarizədə əziyyət çəkən 30-dan artıq dövlətə maliyyə və humanitar yardım göstərib, vaksin təminatına dəstək olub.

Ölkəmiz digər beynəlxalq təşkilatlar – Türk Dövlətləri Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər çərçivələrdə də fəal rol oynayır. Azərbaycanın xarici siyasəti üçün xüsusi önəm kəsb edən Türk Dövlətləri Təşkilatının 2021-ci il İstanbul sammiti Azərbaycan diplomatiyasının da uğurlarının təcəssümü oldu. 2009-cu ildə Naxçıvan müqaviləsi ilə əsası qoyulan təşkilatın sürətli inkişafında, təşkilatlanmasında və müxtəlif sahələr üzrə üzv dövlətlərin çoxtərəfli əməkdaşlığının təşviq edilməsində Azərbaycanın rolu danılmazdır. Düşünürəm ki, bu istiqamətdə fəaliyyət 2022-ci ildə ölkəmizin xarici siyasətində prioritet olaraq qalacaq, Azərbaycan regional və qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə davam edəcək”, – deyə Vasif Hüseynov bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts