15 İyun – Milli Qurtuluş günü – müasir, müstəqil Azərbaycan dövlətinin qurtuluş tarixi

Tokio, 14 iyun , /AJMEDIA/

1993-cü il iyunun 15-i günü müasir müstəqil Azərbaycan dövləti və ümumiyyətlə xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü ilin həmin günündə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün mahiyyətini hamımız bu gün böyük qürurla yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik tarixi gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, həmin qanlı hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-qalım mübarizəsinin tarixidir.
Tarixdən məlumdur ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini elan edib. Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq, xaos hökm sürürdü, orduda vəziyyət ağır idi, xarici havadarlarına arxalanan Ermənistanın təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu ortaya qoymuşdu. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət böyük siyasi və dövlət idarəediciliyi təcrübəsinə malik olan Heydər Əliyevdir. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə son bir neçə ildə davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Sonralar Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Ulu öndər qeyri-adi şəxsi bacarığı, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ilə bu dərin böhrana son qoydu, xalqımızı azərbaycançılıq ideyaları ətrafında sıx birləşdirdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, ictimai-siyasi sabitlik yarandı, problemlər mərhələli şəkildə həll olundu.
Ümummilli lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, silahlı qüvvələrin formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa, ərazi bütövlüyünü bərpa etməyə qadir nizami ordunun yaradılması, ermənilər tərəfindən davam edən işğalın qaşısının alınması və torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bu qətiyyətli və uzaqgörən addımlar nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Məhz bu uğurların başlanğıcı kimi 15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun – Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.
Hazırda yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da 15 iyun günü təntənə ilə qeyd edilir və müasir Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilir. Ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etdi, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi. Həmin dövrdə Heydər Əliyevin gərgin zəhməti, əzmi və qətiyyətli siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun müdrik və bacarıqlı siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi ölkəmizi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yol Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Ümummilli lider Heydər Əliyev vaxtilə müdrikcəsinə demişdir: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Qurtuluş Gününün həm mənası və həm də verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, onun ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Müdrik siyasi və dövlət xadimi müasir tariximizdə müstəqilliyimizin memarına və qurucusuna çevrildi.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verib, ölkəmiz böyük iqtisadi inkişafa nail olaraq regionun lider dövlətinə çevrilib. Azərbaycanın nüfuzu bütün dünyada durmadan artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiyasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu yaradıcı şəkildə uğurla davam etdirməsi dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyün bərpa edib, dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts