Ədəbiyyat İnstitutunda Məhməd Akif Ərsoy Mərkəzinin açılması planlaşdırılır

Tokio, 4 mart , /AJMEDIA/

Ötən il Humanitar Elmlər Bölməsinin müəssisələrində çalışan əməkdaşların fəaliyyəti yüksək olub və onların tədqiqatlarının nəticəsi 2 mindən çox məqalə və tezisdə (20-si impakt faktorlu jurnallarda), 200-dən artıq kitab, monoqrafiya, dərslik və dərs vəsaitində əksini tapıb.

AJMEDIA xəbər verir ki, bu fikir AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə görüşdə səsləndirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik İsa Həbibbəyli qeyd edib ki, bölmədə Azərbaycanın ədəbiyyatı, folkloru, incəsənəti, maddi mədəniyyət abidələri və s. istiqamətlərdə mühüm tədqiqatlar aparılıb. Lakin əldə edilən nəticələr humanitar sahədə beynəlxalq impakt faktorlu jurnallar tərəfindən ikili standartlara məruz qalır və bu da öz növbəsində impakt faktorlu nəşrlərdə Humanitar Elmlər Bölməsinin alimlərinin göstəricisinə mənfi təsir edir. Akademik İsa Həbibbəyli bu problemdən qaynaqlanaraq Humanitar Elmlər Bölməsinin əməkdaşlarının əsərlərinə xarici həmkarları tərəfindən az istinad edildiyini bildirib.

Qeyd olunan problemlərin həlli ilə bağlı təkliflərini səsləndirən AMEA-nın vitse-prezidenti alimlərimizin respublika daxilində çap edilən məqalələrinin istinad indeksini hesablamaq məqsədilə mərkəzin yaradılmasının vacibliyini diqqətə çatdırıb. Həmçinin AMEA-da ingilis və rus dillərində humanitar və ictimai elmlər bölmələrini əhatə edən jurnalın çap olunmasını təklif edib.

Bölmənin beynəlxalq əlaqələrinə toxunan akademik Türkiyə, Çin, Pakistan, Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq münasibətlərinin olduğunu, tezliklə isə Ədəbiyyat İnstitutunda Məhməd Akif Ərsoy Mərkəzinin açılmasının planlaşdırıldığını vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts