Tokio, 11 iyul , /AJMEDIA/
Körfəz ölkələri Yaxın Şərqə daha yaxın region olan Qafqazda yerləşən ölkələrlə, xüsusən Azərbaycan ilə daha sıx əməkdaşlıq imkanlarına malikdir. AJMEDIA xəbər verir ki, bu fikirlər Səudiyyə Ərəbistanının tanınmış politoloqu Muhammed Al Sulaminin nüfuzlu “Arabnews” qəzetində dərc olunmuş məqaləsində yer alıb.
Müəllif qeyd edib ki, eramızdan əvvəl II əsrdən – İpək Yolunun Böyük Qafqazın şimal və cənub ərazilərindən keçdiyi vaxtdan bu region Qara dəniz sahillərinin Çinlə, Yaxın Şərqin Avropa ilə birləşməsində əsas rol oynayıb. “Soyuq müharibə” dövründə sovet “dəmir pərdəsi” səbəbindən bölgənin əhəmiyyəti gözə çarpmayıb. Lakin Sovet İttifaqının süqutundan sonra geosiyasi və makroiqtisadi mülahizələr regionun geniş iqtisadi resursları ilə yanaşı, Qafqazın formalaşmasında mühüm rol oynayıb. Region tez bir zamanda geosiyasi rəqabət mərkəzinə çevrilib, hazırda rəqabət aparan güclər geosiyasi və iqtisadi səbəblərə görə daha çox təsir imkanı əldə etmək üçün yarışırlar.
Məqalədə diqqətə çatdırılıb ki, Yaxın Şərqə yaxınlığı nəzərə alınmaqla, Qafqaz regionu Körfəz ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir. Bu iki regionun çoxlu ortaq cəhətləri var, məsələn, hər ikisi təbii resurslarla zəngindir, mühüm geosiyasi mövqeyə və xalqları birləşdirən ortaq dinə malikdir. Bundan əlavə, beynəlxalq şahmat taxtasında hər iki regionun nüfuzu qlobal enerji və ərzaq təchizatını pozan Rusiyanın Ukraynaya hücumundan sonra daha da artıb. Bu münaqişə Qafqaz və Körfəz ölkələrinə daha sıx əməkdaşlıq yolu ilə öz inkişafı və rifahını artırmaq üçün yeni imkanlar yaradıb.
Al Sulami vurğulayıb: “1990-cı illərin ortalarından Səudiyyə Ərəbistanı Qafqaz regionuna mühüm bazar kimi baxıb və orada iqtisadi əlaqələrini gücləndirib. Məsələn, Krallıq Azərbaycana investisiyalarını artırıb və hazırda iki ölkə arasında ticarət həcmini daha da artırmaq üçün geniş imkanlar var. Bu ilin iyununda Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini, Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əli Əl-Daxil Azərbaycanın maliyyə naziri Samir Şərifov ilə görüşüb. Əl-Daxil iqtisadi əlaqələrin genişləndirilməsindən danışıb. Samir Şərifov Səudiyyə Ərəbistanının işgüzar dairələrini Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan yenidənqurma və quruculuq işlərində fəal iştirak etməyə dəvət edib”.
Məqalədə qeyd edilib ki, Bakının kənd təsərrüfatı məhsulları BƏƏ və Qətərin bazarlarında öz yerini tapıb, hər iki ölkə Azərbaycana ərzaq təhlükəsizliyinin mühüm mənbəyi kimi baxır və bu, iqtisadi əməkdaşlığa təkan verir.
Rusiyanın cənubunun bir hissəsinin də Qafqaz regionuna aid olduğunu nəzərə alan Körfəz ölkələrinin Moskva ilə əməkdaşlığa da böyük əhəmiyyət verdiyini qeyd edən Al Sulami məqalənin sonunda yazıb: “Körfəz-Qafqaz münasibətləri böyük potensiala malikdir. Mövcud imkanlardan istifadə etmək üçün iqtisadi əməkdaşlıq daha da inkişaf etməli, ticarət yollarını genişləndirməklə və nəqliyyat, enerji və kommunikasiya şəbəkələrində yeni layihələri həyata keçirməklə iqtisadi əlaqələr güclənməlidir. Bununla yanaşı, xalqlar arasında mədəniyyət və humanitar sahədə əlaqələr daha sıx olmalıdır. Daha bir mühüm məsələ təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Terrorizm, transmilli cinayət və sərhəd təhlükəsizliyi ilə mübarizədə birgə fəaliyyət göstərməklə, hər iki regionun ölkələri bütün təhdidləri dəf edə bilərlər. Regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da mühüm rol oynayır. Nəticə etibarilə, Qafqaz və Körfəz bu addımları atmaqla və təşəbbüsləri həyata keçirməklə öz münasibətlərini gücləndirə və onu daha yüksək səviyyəyə qaldıra bilər”.