“Zənglər” Bakıda səslənəcək

Tokio, 31 mart , /AJMEDIA/

Aprelin 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş konsert olacaq.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, konsertin təşkilatçıları Bank VTB (Azərbaycan), Bakıdakı Rus Evi, Azərbaycan Dövlət Akademik Filarmoniyasıdır.
Konsertin proqramına “Zənglər” vokal-simfonik poeması və fortepiano ilə orkestr üçün İkinci konsert daxildir. Dirijor pultu arxasında Xalq artisti Yalçın Adıgözəlov olacaq.
2023-cü il klassik musiqiçilər cəmiyyətində ilk öncə Sergey Raxmaninovun anadan olmasının 150 illiyi qeyd olunacaq. Bu yubileyə həsr olunmuş konsertlər dünyanın müxtəlif ölkələrində keçirilir. Bu yaxınlarda Yalçın Adıgözəlov Raxmaninov proqramı ilə Rio-de-Janeyroda (Braziliya) çıxış edib və aprelin 1-də o, artıq Bakı tamaşaçılarına bəstəkarın iki məşhur əsərini: “Zənglər” vokal-simfonik poeması və fortepiano ilə orkestr üçün İkinci konsertini təqdim edəcək.
Bakıda keçirilən konsert üçün xüsusi olaraq Rusiya, Almaniya və Türkiyədən solistlər gələcək. “Zənglər” poemasını Moskvadan vokalçılar Yelizaveta Kulaqina (soprano) və İqor Morozov (tenor) ifa edəcəklər. Bariton partiyasını hazırda Manheymdə fəaliyyət göstərən məşhur opera müğənnisi Əvəz Abdulla səsləndirəcək. Fortepiano üçün İkinci konserti Moskva konservatoriyasının məzunu, türk pianoçusu Gökhan Aybulus ifa edəcək.
Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri və Azərbaycan Dövlət Xor kapellası (rəhbəri – Azərbaycanın Xalq artisti Gülbacı İmanova) iştirak edəcək.
Sergey Raxmaninov rus bəstəkarı, dirijor, pianoçu, musiqidə simvolizm və neoromantizm istiqamətlərinin nümayəndəsidir. O, yaradıcılığında Peterburq və Moskva bəstəkarlıq məktəblərinin prinsiplərini birləşdirib. Bəstəkarın yaradıcılığı ümumilikdə rus mədəniyyəti və xüsusən xalq mahnısı ilə sıx bağlıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts