Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı

Tokio, 28 may , /AJMEDIA/

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilana səfəri çərçivəsində olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AJMEDIA-ya bildirilib ki, mərkəzdə hamiləliyə nəzarət və reproduktiv sağlamlıq, peyvəndlənmə, körpə izləmə, prosedur, ailə həkimi, laborator xidmətləri otaqları və stomatoloji kabinet fəaliyyət göstərir.
Məntəqə ən müasir USM cihazı (4 problu), defibrilator, EKG cihazı, sterilizator, portativ lampa, ekspres laborator test cihazları, aspiratorla təchiz olunub.
Eyni zamanda, tibb məntəqəsi stomatoloji kreslo, portativ rentgen cihazı və alətlər, qanalma kreslosu, ginekoloji müayinə masası, əlil arabası, xərək, vaksin və dərmanlar üçün məlumat matris oxuyucusu, stetoskop, tonometr, otoskop, refleks çəkic, snellen göz qrafiki, oftalmoskop, kiçik cərrahi əməliyyat dəsti, manometrli oksigen balonu, təcili yardım dəsti, larinqoskop dəsti, oksigen borusu və maskaları, intubasiya borusu və köməkçi hava yolu cihazları kimi tibbi ləvazimatlarla da təmin olunub.
Qeyd edək ki, mərkəzdə ölkəmizdə ilk dəfə olaraq Teletibb otağı yaradılıb. Bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə respublikamızda və dünyada fəaliyyət göstərən həmkarları ilə portativ cihaz vasitəsilə onlayn qaydada diaqnoz və müalicə təyini ilə bağlı məsləhətləşmələr aparmaq imkanı verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts