Zəfər Günü Azərbaycanın Yaponiyadakı Səfirliyində də qeyd olunub VİDEO

Tokio, 9 Noyabr, /AJMEDIA/

Azərbaycanın Yaponiyadakı Səfirliyində Vətən müharibəsində Qələbənin birinci ildönümünə – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirdə Yaponiyanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib. Vətən Müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən səfir Gürsel İsmayılzadə Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsinin birinci ildönümü ilə əlaqədar həmvətənlərimizi təbrik edib. Otuz ilə yaxın bir dövrdə düşmən işğalı altında qalan torpaqlarımızın azad edildiyini, böyük Qələbəni xalqımıza Müzəffər Ali Baş Komandan, müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun bəxş etdiyini vurğulayıb. 44 gün davam edən İkinci Qarabağ müharibəsinin Qələbəmiz ilə başa çatdığının vurğulayan səfir, igid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmənin döyüş meydanında məhv edildiyini, məğlubiyyətini etiraf etdiyini mərasim içtirakçılarının diqqətinə çatdırıb.

Səfir qeyd edib ki, hazırda Azərbaycan hökumətinin irəli sürdüyü əsas prioritet vəzifə azad edilmiş ərazilərin bərpası və inkişafıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərini “yaşıl enerji” zonası elan etdiyi və bu ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını xatırladan səfir, bu sahədə Yaponiya şirkətlərinin fəaliyyətini də qeyd edib. Bildirib ki, Azərbaycan ən qabaqcıl və innovativ texnologiyalardan, o cümlədən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasından istifadə edərək yeni yaşayış məntəqələrinin inşasına başlayıb.

Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsinə toxunan diplomat bildirib ki, bu dəhliz yalnız Azərbaycan üçün deyil, həm də region ölkələri üçün iqtisadi üstünlük yaradacaq. Dəhlizin mövcud marşurutların ayrılmaz hissəsi olacağını qeyd edən səfir, onun Cənubi Qafqazdan keçən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mühüm seqmentinə çevriləcəyini vurğulayıb.

G.İsmayılzadə bildirib ki, on illiklər ərzində fundamental hüquqları pozulan azərbaycanlı məcburi köçkünlər tezliklə öz doğma evlərinə təhlükəsiz şəkildə geri dönəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts