Zəfər bayramı Litvada böyük coşqu ilə qeyd olunur

Tokio, 7 Noyabr, /AJMEDIA/

Litvanın paytaxtı Vilnüs şəhərində Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Ölkəmizin Litvadakı səfirliyindən AJMEDIA-ya verilən məlumata görə, tədbirdə Litva Seyminin üzvləri, dövlət qurumlarının nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları Elnur Allahverdiyev və Azər Kərimli və bu ölkədə akkreditə olunan xarici ölkələrin səfirlikləri, diplomatlar, ictimai və siyasi xadimlər, mədəniyyət və incəsənət ustaları, soydaşlarımız və tələbələr iştirak ediblər.
Tədbiri Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev açaraq bir il əvvəl baş verən hadisələrdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun keçdiyi Zəfər yolundan bəhs etmiş, qalib xalqın nümayəndəsi kimi duyduğu ülvi hisslərdən danışıb. O, Azərbaycanın BMT qətnamələrini yerinə yetirərək öz ərazi bütövlüyünü bərpa etməsini beynəlxalq hüququn və ədalətin təntənəsi kimi qəbul edildiyini qonaqların diqqətinə çatdırıb.
Azərbaycan səfiri azad olunmuş torpaqlarımızda geniş vüsətlə aparılan quruculuq işləri, həyata keçirilən nəhəng layihələr barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə qonaq qismində iştirak edən Vətən müharibəsi iştirakçısı qazi mayor Fəxrəddin Ağayev ayaqüstü alqışlanıb.
Səfir Tamerlan Qarayev Azərbaycanın haqq səsinə səs verən, dövlətimizə və xalqımıza dost münasibət bəsləyən əcnəbilərə hər zaman ölkəmiz tərəfindən qiymət verildiyini, Azərbaycanın dostluğa daima sadiq olduğunu xüsusi qeyd edərək, Xocalı qətliamından bəhs edilən “Endless corridor” sənədli filminin əsas qəhrəmanlarından olan litvalı hərbi jurnalist Riçardas Lapaitisin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edildiyini bildirib. Tədbirdə Azərbaycan səfiri “Dostluq” ordenini təntənəli surətdə Riçardas Lapaitisə təqdim edib.
Tədbirin rəsmi hissəsindən sonra mərasim konsert proqramı ilə davam edib. Azərbaycan Dövlət Akademik Filarmoniyasının mahnı və rəqs ansamblının solistləri ölkəmizin Əməkdar artistləri Nigar Şahmuradova və Elnur Süleymanov öz füsunkar rəqsləri ilə, müğənni Könül Məmmədli məlahətli səsi, Bəxtiyar Məmmədov tarda və İnci Məmmədova fortepianoda məharətli ifaları ilə bayram əhval-ruhiyyəsində keçən tədbirə xüsusi rəng qatıblar. Milli geyimlərdə gənclərimiz əllərində Azərbaycan və Litva bayraqları ilə Litva dilində “Qarabağ Azərbaycandır!” şüarı ilə səhnədə incəsənət nümayəndələrini müşayiət ediblər.
Sonra tədbir iştirakçılarına xalqımızın milli yeməklərindən nümunələr təqdim olunub.
Səfirlikdən verilən məlumata görə, tədbirin keçirildiyi Vülnüsün tam mərkəzində yerləşən Ratuşa binasına iki gün ərzində nəhəng Azərbaycan və Litva bayraqları asılmış və bina xüsusi işıqla işıqlandırılıb. Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər Litvanın digər yerlərində, o cümlədən Klaypeda və Kaunas şəhərlərində də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts