Yoşimasa Hayaşi Yaponiyanın yeni xarici işlər naziri olacaq

Tokio, 6 Noyabr, /AJMEDIA/

Yoşimasa Hayaşi Yaponiyanın yeni xarici işlər naziri olacaq. Hakim Liberal Demokrat Partiyasından (LDP) parlamentin aşağı palatasının üzvü seçilən Y.Hayaşi əvvəllər müdafiə, kənd təsərrüfatı və təhsil naziri vəzifələrində çalışıb.

AJMEDIA xəbər verir ki, bu barədə noyabrın 6-da NHK telekanalı məlumat yayıb. Bildirilir ki, Baş nazir Fumio Kişida bununla bağlı artıq qərar qəbul edib. Hökumətin yeni tərkibi isə parlamentin noyabrın 10-da çağırılacaq sessiyasında elan olunacaq. Həmin sessiyada formal olaraq Fumio Kişida ölkənin 101-ci Baş naziri təsdiq ediləcək.

Qeyd edək ki, Yaponiya xarici işlər naziri vəzifəsi bu vəzifəni tutan Toşimitsu Moteqi hakim LDP-nin yeni baş katibi təyin edildikdən sonra boşalıb. Yaponiyanın yeni xarici işlər naziri elan olunanadək həmin vəzifəni Baş nazir Fumio Kişida özü icra edəcək.

Məlumat üçün qeyd edək ki, Y.Hayaşi 2009-cu ilin iyulundan sentyabrınadək müdafiə naziri olub. 2012-ci ilin dekabrından 2014-cü ilin sentyabrınadək və 2015-ci ilin fevralından oktyabrınadək kənd təsərrüfatı, meşəçilik və balıqçılıq təsərrüfatları naziri kimi çalışıb. 2017-ci ilin avqustundan 2018-ci ilin oktyabrınadək təhsil, mədəniyyət, idman və elm və texnologiyalar naziri vəzifəsini tutub.

Xatırladaq ki, oktyabrın 31-də Yaponiya parlamentinin aşağı palatasına seçkilər keçirilib. Mütləq üstünlüyə nail olan LDP 465 yerdən 261-ni qazana bilib. Bu hakim partiyanın 2017-ci ildə keçirilmiş seçkilərdə əldə etdiyindən 15 yer azdır. LDP-nin koalisiya tərəfdaşı olan Komeyto Partiyası isə öz mövqeyini möhkəmlətməyə və 32 yer qazanmağa nail ola bilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts