Site icon AJMEDIA Azərbaycanca

Yeni Zelandiyada “omikron” ştamına ilk yoluxma qeydə alınıb

Tokio, 16 dekabr, /AJMEDIA/

Yeni Zelandiyada koronavirusun “omikron” ştamına ilk yoluxma halı qeydə alınıb.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə dekabrın 16-da Yeni Zelandiyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, koronavirusun yeni ştamı Krayströç şəhərinin dövlət sərhəd izolyatorunda qeydə alınıb. Yeni ştam daşıyıcısının ölkəyə gəldiyi reysdə daha bir nəfərin koronavirusa yoluxduğu təsdiq edilib. Lakin həmin şəxsdə “omikron” deyil, “delta” ştamı aşkar edilib.

Ölkənin baş sanitar həkimi Eşli Blumfild Yeni Zelandiyanın yeni şyamı nəzarətdə saxlamaq üçün bütün imkanlara malik olduğunu bildirib.

Həmin şəxsin “Pfizer” şirkətinə məxsus peyvəndin hər iki dozasını qəbul etməsinə baxmayaraq, yeni varianta yoluxduğu və ölkəyə dekabrın 12-də Dubay vasitəsilə Almaniyadan gəldiyi qeyd edilir. Təyyarənin digər sərnişinlərinin və heyət üzvlərinin də təhlükəsizlik məqsədilə karantinə yerləşdirildiyi bildirilir.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hökumətin sərhədləri əcnəbilər üçün açmaq planın təhlükə ilə qarşılaşdığını bildirib. Belə ki, Yeni Zelandiya yanvarın 17-də peyvəndin hər iki dozasını qəbul edən vətəndaşlar üçün sərhədləri açmağı planlaşdırırdı. Fevralın 14-dən Avstraliya vətəndaşları və Yeni Zelandiyaya 14 gündən artıq müddətə səfər edən turistlər üçün sərhədlərin açılması nəzərdə tutulurdu. Aprelin 30-dan isə Yeni Zelandiyaya gələn və tam peyvənd olunanlar üçün karantinin bütünlüklə aradan qaldırılması planlaşdırılırdı.

Exit mobile version