Tokio, 10 sentyabr , /AJMEDIA/
Sentyabrın 8-də Bakıda Azərbaycan, İran və Rusiya arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi haqqında bəyannamə imzalanıb.
AJMEDIA xəbər verir ki, bu dəhlizin tam olaraq formalaşıb başa çatdırılması tərəflər üçün olduqca faydalıdır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, hər 3 ölkə neft ixrac edir və iqtisadiyyatın əsasını neft gəlirləri təşkil edir. Dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi bu ölkələrin iqtisadiyyatına təsirsiz ötüşmür. Bu baxımdan bəyannamədə göstərilən niyyətlərin tez bir zamanda həyata keçirilməsi dövlətlərin qeyri-neft sektorunun inkişafına əsaslı təkan verərək yeni iş yerlərinin yaranmasını və büdcələrə əlavə valyuta axınını təmin edəcək.
Digər tərəfdən regionun hər 3 ölkəsinin Asiya və Avropa ilə geniş ticarət əlaqəsi yaranacaq və tranzit imkanları artacaq. Bütün bunlar gəlir gətirən sahələrdir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistandan Şimalı Avropaya uzan çoxfunksiyalı yoldur. Dəhlizə avtomobil, dəniz və dəmir yolları daxildir.
Müasir dünyada dəmir yolu ilə yükdaşımalar daha ucuz və təhlükəsiz hesab olunur. Odur ki, ilk növbədə, dəmir yollarının tikilməsi əsas götürülüb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dəmir yolu yalnız Rusiyanı deyil, eləcə də Avropanı Hindistanla, Cənub-Şərqi Asiya, həmçinin Fars körfəzi ölkələri ilə birləşdirəcək.
Asiya ölkələrindən Avropaya yük daşıyan gəmilər Süveyş kanalından keçməklə 16 min kilometr yol qət edirsə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə cəmi 7 min 200 kilometr yol qət edəcək. Yüklər 60 gün ərzində deyil, 30 gün ərzində mənzil başına çatdırılacaq. Bununla yanaşı, nəqliyyat xərcləri də 40 faiz düşəcək.
Hindistanlı iqtisadçı və analitik Şöhrə Pulab “Chabahar news” saytındakı məqaləsində yazır ki, Çabaharla yanaşı, Oman dənizindəki Şəhid Behişti və Şəhid Kələntəri limanları da dəhlizə qoşula bilər. Bu limanlar yükləri boşaldıb qatarlara yükləmək imkanına malikdir. Onun fikrincə, İranla yanaşı, idxal-ixrac əməliyyatlarını həyata keçirən Cənub-Şərqi Asiya ölkələri yalnız Avropa ilə deyil, eyni zamanda, Qafqaz, Orta Asiya, Ukrayna, Belarus və Baltikyanı respublikalarla da nəqliyyat əlaqəsi yaradacaqlar. Analitik hesab edir ki, İran tez bir zamanda Çabahar-Zahidan və Rəşt-Astara dəmir yollarını inşa edib istismara buraxmalıdır. Çabahar-Zahidan yolu limanla İranın mərkəzini, Rəşt-Astara yolu isə Azərbaycana çıxışı təmin edəcək.
Beləliklə, Hindistanın Mubai limanında Çabahar limanına daxil olan yüklər Çabahar-Zahidan xətti ilə Rəşt-Astara dəmir yolu vasitəsilə daşınaraq Azərbaycan və Rusiya ərazisindən keçərək Qərbi Avropaya çatdırılacaq.
Xüsusi bir məqami da qeyd edək ki, ABŞ Çabahar limanını sanksiyalardan kənarda saxlayıb.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt-hissəsi artıq istismara verilib. Bakı bəyannaməsindən sonra Rəşt-Astara xəttinin də tezliklə tikiləcəyini deyə bilərik.
Azərbaycan bu layihədə mühüm rola malik olar dövlətlərdən biridir. Tranzit ölkə olaraq Azərbaycan hökuməti, ilk növbədə, Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu xəttini inşa edərək İranla Azərbaycanın dəmir yolları sistemlərini birləşdirib. Bundan başqa, Bakı Limanında yenidənqurma işləri həyata keçirilib və yükaşırma imkanları dəfələrlə artırılıb. Onu da qeyd edək ki, yeni Bakı-Astara avtomobil yolu da çəkilib. Bu da dəhlizə daxil olan seqmentlərdən biridir.
Proqnozlar özünü doğrultsa, 2 ildən sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi fəaliyyətə başlayacaq və Azərbaycan tranzit ölkə olaraq dəhlizdə böyük əhəmiyyət kəsb edəcək. Burada söhbət yalnız tranzit gəlirlər əldə etməkdən getmir. Həm də iri iqtisadi dövriyyəyə malik olan Çin, Hindistan, eləcə də Fars körfəzi, Cənub-Şərqi Asiya və Avropa ölkələri ilə Azərbaycanın geniş iqtisadi və siyasi əlaqələri yaranacaq.
Rəşt-Astara dəhlizin əsas yolu olduğu kimi, həm də tranzit dövlətlərə siyasi zəmanət də qazandıracaq. Ticarət əlaqəsində olan həm Asiya, həm də Avropa ölkələri dəhlizin keçdiyi ölkələrdə siyasi sabitliyin davamlı xarakter daşımasında maraqlı olacaqlar.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qalib gəlməsi, yeni nəqliyyat və kommunikasiya dəhlizinin-Zəngəzur dəhlizinin yaranması zərurətini meydana çıxarıb. Bu dəhliz yalnız Azərbaycanla İranın deyil, bütün region ölkələrinin inqtisadi inteqrasiyasına böyük təkan verəcək.