“Yaradıcı oxucularımız” layihəsinə yeni şeir təqdim olundu

Tokio, 5 sentyabr , /AJMEDIA

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış şair, bəstəkar, tərcüməçi, AYB-nin və AJB-nin üzvü Xanım İsmayılqızı kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə növbəti şeir təqdim etdi.
“Salam, Qadın” şeirində müəllif ömrünü əzizlərinə, doğmalarına həsr edən, xatirəsi sökülən duyğularıyla, dilində bitib qalan fikirləriylə, saçlarının ağıyla, gülüşünün altında gözüylə örtmədiyi dağını gizlədən mərd və cəfakeş qadınlara həsr edib. Şeiri oxuyarkən qadının həyatını böyük və dərin mənalı salnaməyə bənzədirsən.

Salam, Qadın

Salam Qadın, necəsən?
Güzgüdə öz özünə
hər gün baxa bilirsən?
Nəyə var, nəyə yoxsan?
Qadın doğulduğunu
hələ unutmamısan?

Ürəklə yaşatdığın
kimdirsə, hələ sağdır?
Hisslərinin içindən
ayağı yalın keçən,
bütün ömrünü içən,
yatıbdır, ya oyaqdır?

Yenədəmi yuyursan
əllər soyulanadək
arzularını bir-bir?
Yamaya bilirsənmi
xatirəsi sökülən
duyğularını bir-bir?

Dilində bitib qalan
fikirlərin içində
nələri basdırırsan?
Hər günü toya çəkib
nələrə oynayırsan,
Nələri azdırırsan?

Yenədəmi varının
üstünə varlıq qatan
içində yox gizlənir?
Hələdəmi axırı
bilinməyən dünyanın
acında tox gizlənir?

Saçlarının dənini
rənglərə boyayaraq
ağını gizlədirsən?
Gülüşünün altında
gözünlə örtmədiyin
dağını gizlədirsən?

Gözlədiyin yoldumu?
İstədiyin oldumu?
Bilmədiyini bildin?
Sağınla və solunla,
Boşunla və dolunla
Ölmədiyini bildin?

Salam Qadın, necəsən?
Güzgüdə öz üzünə
sığal çəkə bilirsən?
Nəyə var, nəyə yoxsan?
Qadın doğulduğunu
hələ unutmamısan?
Kaş ki, unutmayasan…

Follow us on social

Facebook Twitter Youtube

Related Posts