Yaponiyanın yutub kanalında Azərbaycanın Zəfər Gününə həsr olunan xüsusi veriliş yayımlanıb VİDEO

Tokio, 9 noyabr , /AJMEDIA/

Yaponiyanın “Cross Border Club 3.0” yutub kanalında Azərbaycanın Zəfər Gününə həsr olunan xüsusi veriliş yayımlanıb.
AJMEDIA xəbər verir ki, verilişin aparıcısı Yaponiyada kifayət qədər tanınmış yutub bloqeri Kazuyasu İşidanın, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərin və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayevin qatıldığı verilişdə yapon izləyicilərə Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan Azərbaycan əraziləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun növbəti təxribatından sonra hücuma keçən Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində bu torpaqları azad ediblər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan əsgərinin bu inanılmaz Qələbəsi bu gün bütün dünyanın hərbi məktəblərində öyrənilir, dərindən təhlil olunur. Ermənilərin işğal etdikləri ərazilərdə böyük dağıntılar törətdiklərini vurğulayan verilişin iştirakçıları, hazırda Azərbaycan hökuməti tərəfindən aparılan böyük bərpa və quruculuq işləri barədə də ətraflı məlumat veriblər.
Verilişdə Azərbaycanın böyük Qələbəsindən sonra Bakı şəhərində təşkil edilən Zəfər paradına, azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinə aid fotolara geniş yer verilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevlə birlikdə həm Zəfər paradında, həm də azad edilmiş ərazilərdə inşa edilən mühüm obyektlərin açılışında şəxsən iştirak etdiyi xüsusi qeyd edilib.
Həmçinin verilişdə Ermənistanın müharibənin nəticəsi olaraq imzalan sənədlərə tam əməl etməməsi, atəşkəs rejimini pozaraq təxribatlar törətməsi barədə məlumatlar yer alıb. Vurğulanıb ki, regionun dinc inkişafı, əhalinin firavan yaşayışı üçün Ermənistan müharibənin bitdiyini anlamalıdır. Qarşıdurmanın davam etməsi Avropa üçün də ciddi problemlər yarada bilər. Qarabağda sülh Avropanın enerji təhlükəsizliyi üçün zəruridir. Çünki bu gün Avropa ölkələri üçün mühüm problemə çevrilən enerji təminatı məhz Azərbaycanın dəstəyi ilə aradan qaldırıla bilər. Belə ki, Azərbaycan Avropaya yalnız öz enerji mənbələrini deyil, eyni zamanda, Mərkəzi Asiyanın enerji ehtiyatlarının göndərilməsi üçün mühüm tranzit dəhlizidir.
Diqqətə çatdırılıb ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Cənub Qaz Dəhlizi ilə enerji mənbələrini dünya bazarına ötürən və zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan artıq Avropada etibarlı tərəfdaş kimi çox yaxşı tanınıb. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsi, həm də ölkəmizin böyük nüfuz qazanmasına gətirib çıxarıb. Eyni zamanda, uğurlu xarici siyasət yeridən Prezident İlham Əliyevin səyləri nəticəsində Mərkəzi Asiyada yerləşən Qazaxıstan və Türkmənistan kimi zəngin enerji ehtiyatlarına malik ölkələr də öz enerji mənbələrini Azərbaycan üzərindən Avropaya nəql etmək barədə qərar qəbul ediblər.
Qeyd edək ki, Yaponiyada populyarlığı ilə seçilən “Cross Border Club 3.0” yutub kanalının hazırda 127 mindən çox abunəçisi, 500 mindən artıq izləyicisi var.


Follow us on social

Facebook Twitter Youtube

Related Posts