Yaponiyanın Vaşinqton sakinlərinə hədiyyə etdiyi bayram – Milli “Cherry Blossom” Festivalı

Tokio, 28 mart, /AJMEDIA/

ABŞ-ın paytaxtı Vaşinqtonda ənənəvi Milli “Cherry Blossom” festivalı keçirilir. AJMEDIA xəbər verir ki, yazın gəlişinin qeyd edildiyi festivalın bu il martın 20-dən aprelin 13-nə kimi davam etməsi gözlənilir. Bayramın adı Vaşinqtonun parklarında, əsasən də Potomak çayının sahilində əkilmiş sakura (albalı) ağaclarının çiçəklənməsi ilə bağlıdır.

Bu bayramı paytaxt sakinlərinə Yaponiya hökuməti hədiyyə edib. 1912-ci il martın 27-də Yaponiyanın və ABŞ-ın rəsmi nümayəndələrinin iştirakı ilə paytaxt Vaşinqtonda Yaponiya merinin hədiyyə etdiyi 3 min sakura ağacının təntənəli şəkildə əkilməsi mərasimi keçirilib. Bu hadisə iki ölkə arasındakı qarşılıqlı anlayışın və dostluğun rəmzinə çevrilib.

Yaponiyanın simvolu sayılan sakura albalı ağacının növlərindən biridir. Bu ağaclar da meyvə verir, lakin onlar adətən yeyilən albalılarla eyni deyil. Ağaclar əsasən meyvələri deyil, gözəl çiçəkləri üçün becərilir.

Milli “Cherry Blossom” Festivalı hər il təxminən 1,5 milyon ziyarətçi cəlb edir. Festivala nəinki paytaxt sakinləri, həmçinin digər ştatlardan və ölkələrdən gələn turistlər qatılır.

Festival boyu şəhərdə konsertlər və digər tədbirlər təşkil olunur.

Festivalın ən qızğın dövrü ağacların tam çiçək açdığı martın 27-dən 31-dək olan müddətdir. Ən sonuncu ləçək düşdüyü gün festival başa çatmış hesab edilir.

Məlahət Nəcəfova

Follow us on social

Facebook Twitter Youtube

Related Posts