Yaponiyanın hakim partiyası parlamentin aşağı palatasına seçkilərdə əksər üstünlüyü saxlaya bilib

Tokio, 1 Noyabr, /AJMEDIA/

Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) oktyabrın 31-də parlamentin aşağı palatasına keçirilmiş seçkilərdə əksər üstünlüyü saxlamağa nail olub.

AJMEDIA xəbər verir ki, bu barədə noyabrın 1-də bütün məntəqələr üzrə səsvermənin son nəticələri dərc edildikdən sonra məlum olub.

Bildirilir ki, seçkilərin nəticələrinə görə LDP parlamentin aşağı palatasındakı 465 yerdən 261-ni qazanıb. Bu, 2017-ci ildəki seçkilərin nəticələrindən 15 yer az olsa da, aşağı palatada tam üstünlüyü saxlamaq üçün kifayət edir. LDP-nin koalisiya tərəfdaşı olan “Komeyto” Partiyası isə 32 yer əldə edib. Bu, həmin partiyanın əvvəlki seçkilərdə əldə etdiyi yerlərin sayından 3 yer çoxdur.

Müxalifət partiyalarına gəlincə isə bildirilir ki, əsas müxalifət qüvvəsi hesab edilən Konstitusiyalı Demokratlar Partiyası 13 yer itirib və hazırda o, aşağı palatada 96 yerə malikdir. Yaponiyanın Dirçəlişi Cəmiyyəti (YDC) isə əksinə, yüksək nəticəyə nail olub. Bu seçkilərdə YDC malik olduğu yerlərin sayını 11-dən 41-ə qaldırıb.

Seçkilərin nəticələrinə görə, Xalq Demokratik Partiyası 11, Kommunist Partiyası 10, sol yönümlü “Reyva Şinsenqumi” 3, Sosial Demokratlar Partiyası isə cəmi 1 yer qazanıb. Qalan yerləri isə müstəqil namizədlər tutublar.

Daxili İşlər və Kommunikasiya Nazirliyinin məlumatına görə seçkilərdə seçicilərin 55,9 faizi iştirak edib. Onların 20 faizi vaxtından əvvəl səs verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts