Yaponiyanın Baş naziri yeni kabinetlə inflyasiyaya qarşı mübarizəni gücləndirmək niyyətindədir

Tokio, 12 avqust , /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida bəyan edib ki, hökumətin yeni tərkibi qiymətlərin artması ilə əlaqədar yaranan problemləri yüngülləşdirmək məqsədilə, ilk növbədə, inflyasiyaya qarşı mübarizəni gücləndirmək niyyətindədir.
AJMEDIA xəbər verir ki, bu barədə o, avqustun 12-də hökumət üzvlərinin və biznes liderlərinin iştirakı ilə keçirilən görüşdə bildirib.
Baş nazir qeyd edib ki, xüsusən enerji daşıyıcılarının və ərzağın qiymətlərinin artması həm şirkətlərə, həm də istehlakçılara böyük təsir göstərir. Buna görə də hökumətin avqustun 15-nə planlaşdırılan iclasında məmurlara əhaliyə yardımların artırılması ilə bağlı xüsusi tapşırıqlar verəcəyini bildirib.
Qeyd edək ki, son aylar beynəlxalq aləmdə baş verən hadisələr səbəbindən enerji daşıyıcılarının, həmçinin xammal və taxılın qiymətinin artması dünyanın sayca üçüncü iqtisadiyyatına da ciddi təsir göstərib.
Hökumət inflyasiyanın aşağı salınması ilə əlaqədar həyata keçiriləcək tədbirlər, o cümlədən benzinin pərakəndə satış qiymətini azaltmaq, gübrənin və idxal edilən buğdanın qiymət artımının qarşısını almaq üçün subsidiyaların ayrılması barədə qərar qəbul edib.
“Buğdadan hazırlanan məhsullar, xüsusən çörək və makaron məhsulları bizim gündəlik həyatımızda əvəzedilməz qidadır. Buna görə də onların qiymətinin sabit qalması mühüm əhəmiyyətə malikdir”, – deyə Baş nazir vurğulayıb.
F.Kişida əlavə edib ki, məmurlara qiymət artımında xüsusi rola malik olan enerji daşıyıcılarına və ərzaq məhsullarına xüsusi diqqət ayırmağı və bunun qarşısını almaq üçün hər bir regionun tələbatını nəzərə almağı, bu məqsədlə əlavə addımlar atmağı tapşıracaq.
Yaponiyada inflyasiya ABŞ və bir sıra Avropa ölkələri ilə müqayisədə o qədər də artmayıb. Şirkətlər daxili tələbatın aşağı olduğu bir dövrdə pərakəndə qiymətləri artırmaqla istehlakçıları qorxutmaq istəməyiblər. Lakin buna baxmayaraq, istehlakçılar gündəlik tələbat mallarının qiymətlərində artımı artıq hiss edirlər və bu, COVID-19-la bağlı məhdudiyyətlərin aradan qaldırılmasından sonra bərpa prosesinə öz təsirini göstərir.
Nazirlər Kabinetinin tərkibində aparılan dəyişikliklərdən dərhal sonra F.Kişida bildirib ki, inflyasiyanın qarşısını almaq və COVID-19-la mübarizə məqsədilə tərəddüd etmədən büdcə vəsaitlərindən istifadə edəcək. Bu məqsədlə ehtiyat fondlardan ilkin olaraq 5,5 trilyon yen (41 milyard dollar) ayrılması barədə göstəriş verib.
Mütəxəssislərin rəyinə görə, Baş nazir bu addımla sabiq Baş nazir Şinzo Abenin qətlindən sonra hakim partiyanın “Birlik kilsəsi” ilə əlaqələrinə görə ictimaiyyətin hökumətə qarşı artmaqda olan inamsızlığını aradan qaldırmağa və onun reytinqini yüksəltməyə çalışır.
Xatırladaq ki, Yaponiya parlamentinin yuxarı palatasına seçkilər ərəfəsində Ş.Abeni qətlə yetirən şəxs sabiq Baş naziri onun ailəsinin müflis olmasında xüsusi rol oynamış dini qurumla əlaqədar olmaqda ittiham edir.
Kyodo agentliyinin avqustun 10-da və 11-də keçirdiyi sorğunun nəticələrinə görə respondentlərin 85 faizi siyasətçilərin həmin dini qurumla əlaqələrinin kəsməsini tələb ediblər. Məhz bunun nəticəsidir ki, F.Kişidanın hökumətin tərkibində apardığı dəyişikliklərdən sonra Nazirlər Kabinetinin reytinqi qismən bərpa olunaraq 51 faizdən 54,1 faizə qalxıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts