Yaponiyanın Baş naziri KXDR-in növbəti raket sınağından təəssüfləndiyini bildirib

Tokio, 11 yanvar, /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida yanvarın 11-də Koreya Xalq Demokratik Respublikasının (KXDR) növbəti raket sınağından çox təəssüfləndiyini bildirib.

AJMEDIA xəbər verir ki, bu barədə o, jurnalistlərə KXDR tərəfindən növbəti raket sınağını şərh edərkən deyib: “KXDR tərəfindən ardıcıl şəkildə raket sınaqlarının keçirilməsi çox böyük təəssüf doğurur”.

Yaponiya hökumətinin başçısı qeyd edib ki, KXDR tərəfindən yanvarın 11-də buraxılan raket ballistik raket ola bilər. Hazırda hadisə ilə bağlı lazımi informasiyanın toplanması və təhlili davam etdirilir. Bununla yanaşı, o, əlaqədar nazirliklərə və idarələrə Pxenyan tərəfindən növbəti raket buraxılışı barədə yerli əhalini operativ və tam şəkildə məlumatlandırmaq üçün göstəriş verdiyini də bildirib.

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi də öz növbəsində jurnalistlərə bildirib ki, Yaponiya tərəfi hazırda öz müttəfiqləri ilə, ilk növbədə ABŞ-la müvafiq informasiyanın toplanması və təhlili ilə məşğuldur.

Qeyd edək ki, yanvarın 11-də Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla KXDR tərəfindən buraxılan raketin Yaponiyanın məxsusi iqtisadi zonasından kənara, Yapon dənizinə düşməsi barədə məlumat yayıb. Bununla yanaşı, həmin məlumat rəsmi təsdiqini tapmayıb. Belə ki, Yaponiyanın xarici işlər naziri həmin sualın cavabında müvafiq informasiyanın toplanmasının və təhlilinin davam etdiyini deyib.

Bildirək ki, KXDR-in Yapon dənizi istiqamətində naməlum raket buraxması barədə ilk informasiyanı Koreya Respublikasının Qərargah Rəisləri Komitəsi yayıb. Yonhap agentliyinin bildirdiyinə görə, hazırda hərbçilər ballistik raket olduğu güman edilən həmin raketin uçuş trayektoriyasını təhlil edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts