Yaponiyanın Baş naziri hökumətin reytinqinin bərpası üçün konkret tədbirlər görüləcəyini bildirib

Tokio, 20 sentyabr , /AJMEDIA/

Yaponiya hökuməti əhalinin rəyini dinləməli və müxtəlif məsələlər üzrə irəliləyişə nail olmalıdır.
AJMEDIA xəbər verir ki, bu fikri Yaponiyanın Baş naziri Fumio Kişida ictimai rəy sorğularının nəticələrində hökumətin reytinqinin düşməsi barədə sualı şərh edərkən səsləndirib.
“Xalqın rəyini diqqətlə dinləmək lazımdır. Öz siyasi öhdəliklərimizi yerinə yetirmək üçün konkret məsələlər üzrə bir-birinin ardınca müsbət nəticələr əldə etməliyik”, – deyə Baş nazir jurnalistlərin sualını cavablandırarkən bildirib. F.Kişida vurğulayıb ki, müxtəlif problemlərin həlli üçün lazım olan bütün tədbirlər görüləcək.
Qeyd edək ki, həmin sualı F.Kişidaya sentyabrda keçirilən rəy sorğuları zamanı hökumətin reytinqinin 29 faizədək azaldığını göstərən “Mainichi Shimbun” qəzetinin müxbiri ünvanlayıb. Həmin sorğunun nəticələrinə görə, hökuməti dəstəkləməyənlərin sayı da 64 faizədək artıb.
Son vaxtlar müxtəlif KİV-lərin keçirdiyi sorğular Yaponiya hökumətinin reytinqinin kəskin aşağı düşdüyünü təsdiq edir. Bunun səbəbi kimi sabiq Baş nazir Şinzo Abenin qətlindən sonra hakim Liberal Demokratik Partiya ilə mübahisəli “Birlik kilsəsi” dini təşkilatı arasında meydana çıxan gizli əlaqələrin mövcudluğu göstərilir.
Bundan əlavə, Yaponiya hökumətinin Ş.Abenin dövlət dəfn mərasiminin təşkili barədə qərarı da əhali tərəfindən birmənalı qarşılanmayıb. Xüsusən həmin mərasimin xərclərinin dövlət büdcəsindən ödənməsi barədə qərar narazılıqla qarşılanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts