Yaponiyanın ədliyyə naziri ölüm hökmü barədə sözlərinə görə istefaya göndərilib

Tokio, 11 noyabr , /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida vəzifəsinin sadəcə ölüm hökmlərinin təsdiqinə yönəldiyini bildirən ədliyyə naziri Yasuhiro Hanaşini istefaya göndərmək barədə qərar qəbul edib.
AJMEDIA xəbər verir ki, bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Y.Hanaşi noyabrın 9-da Tokioda keçirilən toplantıların birində ədliyyə naziri vəzifəsində nə pul, nə də seçicilərin səslərini əldə etməyin mümkün olmadığını deyib. “Bu, çox sadə işdir. Səhər ölüm hökmünün icra olunması barədə əmrə möhür vurursan, günorta isə bu, baş xəbərə çevrilir”, – deyə sabiq nazir bildirib.
Həqiqətə gəlincə isə avqust ayında nazir portfelini əldə edən Y.Hanaşi vəzifədə olduğu müddətdə ölüm hökmünün icrası barədə heç bir əmri təsdiq etməyib. Yaponiyanın aparıcı müxalifət qüvvəsi hesab edilən Konstitusiyalı Demokratlar Partiyası onun bu fikrini kəskin tənqid edərək, bunu “ədliyyə nazirinin işinin mahiyyətini başa düşməmək” və “yüngül düşüncəsinin son həddi” adlandırıb. Məsələnin parlamentdə müzakirəyə çıxaracağını bildirən müxalifət rəhbərliyi nazirin istefasını tələb edib.
Həmin sözlərin onun vəzifəsinə qeyri-ciddi münasibət bəsləməsinin nəticəsi kimi qəbul edilməsindən təəssüfləndiyini bildirən ədliyyə naziri, buna görə ölkə ictimaiyyətindən üzr istəyib. Daha sonra parlamentdə həmin fikirlərindən imtina etdiyini söyləyən nazir istefa verməkdən də imtina edib.
Qeyd edək ki, Yaponiyada barəsində asılmaqla ölüm hökmü çıxarılan şəxslər yalnız ədliyyə naziri bu hökmü təsdiq etdikdən sonra edam edilirlər. Nazirlərin bir çoxu bu məsuliyyəti üzərlərinə götürməkdən imtina etdiyinə görə, haqlarında ölüm hökmü çıxarılan şəxslər illərlə, bəzən isə on illərlə bu hökmün icrasını gözləyirlər.
Xatırladaq ki, bu, Fumio Kişidanın Baş nazir olduğu kabinetdə son 20 gündə ikinci nazir istefasıdır. Oktyabrın 24-də iqtisadiyyatın bərpası naziri Daiçiro Yamaqiva “Birlik kilsəsi” ilə əlaqələrə görə istefa verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts