Yaponiyada yaşayan azərbaycanlı alim Elm Günü ilə bağlı həmkarlarını təbrik edib

Tokio, 27 mart , /AJMEDIA/
Dünyaşöhrətli azərbaycanlı alim, professor Xəlil Kələntər Azərbaycanın elmi ictimaiyyətini Elm Günü ilə əlaqədar təbrik edib.
AJMEDIA xəbər verir ki, bu barədə o, AMEA-ya ünvanladığı məktubunda yazıb.
Məktubun mətnində deyilir:
“Azərbaycan elmi ictimaiyyətini Elm Günü münasibəti ilə ürəkdən təbrik edirəm!
Bildiyiniz kimi, müasir dünyada elm tərəqqinin və rifahın əsas hərəkətverici qüvvəsidir. İnsanların həyat şəraitinin yaxşılaşdırılması, keyfiyyətli qidalarla təmin olunması, müxtəlif xəstəliklərlə effektli mübarizə aparılması, insanların təhsil səviyyəsinin artırılması, yüksəkixtisaslı kadrların hazırlaması, iqtisadiyyatın, sosial sahələrin dayanıqlı ikişafı, dövlətin hərbi qüdrətinin yüksəldilməsi, təhlükəsizliyinin, ictimai asayışinin təmin edilməsi məhz elmi nailiyyətlərə əsaslanır.
Azərbaycan gənc dövlət olsa da, zəngin elmi və texiki ənənələrə malikdir. Hələ sovetlər birliyinin tərkibində olarkən Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən fundamental sahələr üzrə elmi məktəblər formalaşmış və inkişaf etmişdir. Şübhəsiz ki, bu nailiyyətlərin əldə edilməsində o vaxtlar Azərbaycana rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Müstəqillik dövründa Azərbaycan elmi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Hazırda elmi inkişaf Azərbaycan dövlətinin əsas priritetlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sahəyə böyük diqqət və qayğı göstərir, bu sahənin inkişafı üçün mühüm islahatlar həyata keçirir.
Azərbaycan dövlətinin xaricdə fəaliyyət göstərən soydaşlarımıza daim diqqət göstərməsi, onlara dəstək göstərməsi, problemləri ilə yaxından maraqlanması çox təqdirəlayiq haldır. Dövlətin dəstəyi ilə xarici ölkələrdə yaşayan Azərbaycan alimləri haqqında vahid informasiya mənbəyinin yaradılması, onların əldə etdiyi elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətində tanıdılması, həmçinin birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə “Azərbaycan alimləri diasporu” informasiya sisteminin yaradılmasıni mən çox yüksək qiymətləndirirəm.
Bütövlükdə, Azərbaycan alimləri müxtəlif sahələr üzrə mühüm nailiyyətlər əldə etmiş, dünya elminə öz töhfələrini vermişlər. Bu gün Azərbaycan alimlərinin əsərləri dünyanın nüfuzlu, yüksək impakt-faktorlu dərgilərində çap olunur, onların məqalələrinə çoxsaylı istinadlar edilir.
Çox sevindirici haldır ki, uzun müddət Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsində Azərbaycan ordusu ən müasir elmi nailiyyətlərin imkanlarından məharətlə istifadə etmişdir. Bu gün həmin ərazilərdə yenidən məskunlaşma və quruculuq işləri də “Indastry 4.0”, “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirilir. Bütün bunlar Azərbaycanda güclü, müasir elmi-texnoloji bazanın, ifrastrukturun yaradılmasının göstəricisidir.
Əlbəttə, Azərbaycanın bütün sahələrdə, o cümlədən elmdə əldə etdiyi nailiyyətlər vətəndən uzaqda yaşayan bir azərbaycanlı kimi məni çox sevindirir. Mən də bir elm adamı kimi imkanım daxilində Azərbaycan elminin inkişafına dəstək verməyə, bu sahədə öz təcrübəmi bölüşməyə həmişə hazıram.
Mən bir daha 27 mart – Elm Günü münasibəti ilə Azərbaycan elmi ictimaiyyətini təbrik edirəm, Azərbaycan alimlərinə öz yaradıcılıqlarında nailiyyətlər arzu edirəm!”

Follow us on social

Facebook Twitter Youtube

Related Posts